16 sentyabr 2011 17:15
Qəbələ Neftçi ilə oyuna itkilərlə çıxacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turunda iki iddialı komanda – “Neftçi” və “Qəbələ” Tofiq Bəhrəmov adına Respublika stadionunda qarşılaşacaq. Azerisport.az xəbər verir ki, “Qəbələ” komandasının rəisi Ramiz Kərimov vacib oyun öncəsi futbolçuların əhval-ruhiyyəsi yüksək olduğunu deyib:
“Neftçi” ilə oyuna ciddi hazırlaşırıq. Ardıcıl iki oyun məğlub olan “Neftçi” bizə qarşı tam gücü ilə mübarizə aparacaq. “Neftçi” ilə səfər oyununun çətin keçəcəyini düşünürəm. Bu oyunda qırmızı vərəqə cəzalısı kapitan Mahir Şükürov və zədəli olan yarımmüdafiəçi Rövşən Əmiraslanovun xidmətindən yararlana bilməyəcəyik. Buna baxmayaraq hər oyunda olduğu kimi “Neftçi” ilə qarşılaşmaya da yalnız qələbə qazanmaq üçün çıxacağıq”. (PFL)
