17 sentyabr 2011 19:26
Cavadov 90 dəqiqə oynadı, Volqa Spartaka qalib gəldi (YENİLƏNİB)
Bu gün Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” doğma divarlar arasında Nalçik “Spartak”ını qəbul edib.
Qeyd edək ki, həmyerlimizin komandası bu görüşdən mütləq qələbəylə ayrılmalıydı. Çünki 13-cü pillədə qərarlaşan Nijni Novqorod təmsilçisini son sıradan cəmi 3 xal ayırırdı. Son pillədə qərarlaşan komanda isə elə məhz “Spartak” idi. Deməli, ən azı bu rəqibindən aralanmaq üçün bu altı xallıq görüşdə qələbə qazanmaq vacib idi.
Ötən tur yığmamızın düşərgəsindən zədəli qayıtdığı üçün “Anji”yə qarşı forma geyə bilməyən Vaqifin bu dəfə oynaması gözlənilirdi. Baş məşqçi Dmitri Çerışev ilk dəfə həmyerlimizi məhz bu görüşün start heyətində meydana buraxıb. Nəticə isə ürəkaçan olub. 90 dəqiqə meydanda qalan millimizin forvardı komandası ilə çətin qələbəyə sevinib.
Bu nəticədən sonra "Volqa" xal ehtiyatını 26-ya çatdırıb. Nijni Novqorod klubu bu göstərici ilə 10-cu pilləyə yüksəlib.
Rusiya Premyer Liqası
24-cü tur
17 sentyabr
Volqa – Spartak (Nalçik) - 1:0 (0:0)
Qol: Malyarov, 84.
6. Vaqif komanda yoldaşı ilə əla divar ötürməsi etsə də, son anda müdafiəçilər onların təhlükəli hücum qurmasına imkan vermirlər
8. Cavadov sol cinahda əla fintlə bir rəqibini keçsə də, ikinciylə bacarmır
15. Həmyerlimiz komanda yoldaşına əla ötürmə etsə də, rəqib qapıçı topa daha tez yetişir
17. Vaçadze Vaqifə yaxşı ötürmə verir, həmyerlimiz qarşısındakı müdafiəçini keçir. Amma həmin futbolçu həmyerlimizi əllə saxlayaraq yıxsa da, hakim qayda pozuntusu qeydə almır
Birinci hissənin qalan dəqiqələrində millimizin forvardı xüsusi nə iləsə yadda qalmır və komandası fasiləyə qolsuz yollanır
57. Vaqifin başladığı çox təhlükəli hücum zamanı qonaqların bəxti gətirir
62. Cavadov rəqibini aldadaraq qapıya çox təhlükəli zərbə endirsə də, azca dəqiqlik çatışmır
77. Vaqifin zərbəsini rəqib qapıçı tutur
