17 sentyabr 2011 14:46
Viktor İbekoyi: Bunu faciəyə çevirmək lazım deyil
AZAL-ın forvardı Viktor İbekoyi Premyer Liqanın 6-cı turu çərçivəsində baş tutacaq “İnter”lə oyun öncəsi fikirlərini dilə gətirib. Azerisport.az saytına müsahibəsində o, öncə sonuncu “Kəpəz”lə oyundakı uğursuzluqdan danışıb:
“Komandamız mövsümə qeyri-sabit oyunla başlasa da, mən ciddi problemimizin olduğunu deməzdim. Komandada hər şey qaydasındadı. “Kəpəz”ə məğlub olmağımızda da ciddi bir şey görmürəm. Gəncə təmsilçisi doğma publika önündə həmişə yüzfaizli nəticəyə çalışır. Bizə isə müəyyən qədər arxayınlıq mane oldu. Hər halda səhvlərə yol verdik ki, nəticədə də məğlub olduq. Amma bunu faciəyə çevirmək lazım deyil. Çempionat hələ yeni başlayıb. Bizim ilk altılığa düşmək üçün çox yaxşı şansımız var. Öz oyunumuzu sərgiləməyə borcluyuq”.
Qarşıdakı “İnter”lə oyuna gəlincə, İbekoyi bunları söyləyib: “Biz oyundan-oyuna artırırıq. Özünüz də gördünüz ki, “Neftçi”ni necə məğlub etdik. Qarşıdakı “İnter”lə oyunda da qələbəyə oynayacağıq. Onların yaxşı heyəti var. Bu üzdən də bir qədər ehtiyatlı oynamalıyıq. Onlar son oyunda “Sumqayıt Şəhər”ə qalib gəldilər, xarakter nümayiş etdirdilər. “İnter” çempionluğa oynayır, amma biz onların planlarını korlamaq fikrindəyik. Bu komanda üzərində bir neçə dəfə qələbə qazanmışıq. Bu dəfə də onlara asan olmayacaq”.
