17 sentyabr 2011 18:29
Mirça Rednik: Nəticədən razıyam, oyundan yox
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 6-cı turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis səfərdə qazandıqları 1:0 hesablı qələbədən sonra bunları dilə gətirib:
“Bu gün Azərbaycanın iki ən güclü komandası qarşılaşdı. Maraqlı oyun alındı, qələbəyə görə çox xoşbəxtəm. Son 25 dəqiqədə azlıqda qalmağımıza baxmayaraq, yaxşı mübarizə apardıq. Layiq olduğumuz qələbəni qazandıq. Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Meydançanın ot örtüyünün vəziyyətinin yaxşı olmaması hər iki komandaya istədiyi oyunu göstərməyə mane oldu. Komandamın hazırkı vaxtda göstərdiyi oyun məni qane etmir. Ancaq nəticə daha önəmlidir. Çempion olmaq istəyiriksə, bu cür davam edə bilməz, daha gözəl oyun nümayiş etdirməliyik. “Qarabağ”ın düşdüyü “qara zolaq”dan çıxacağına ümid edirəm. Çünki, Azərbaycanda ən yaxşı məşqçi “Qarabağ”ın məşqçisidi. Futbolçular milli komandalardan qayıdanda eyni oyunçu olmurlar. “Qarabağ”ın da heyətində bir neçə futbolçu milli komandalarda çıxış edir. Bəlkə də “Qarabağ”ın “qara zolağa” düşməsinin səbəbi budu”.
