17 sentyabr 2011 11:24
6-cı tur. Vəli Qasımovun proqnozu
Futbol üzrə yığma komandamızın məşqçisi, U-19-un baş məşqçisi Vəli Qasımov azerisport.az saytı üçün Premyer Liqanın 6-cı turunun oyunlarına proqnozlarını açıqlayıb.
Qarabağ – Xəzər Lənkəran
Şübhəsiz ki, turun mərkəzi oyunudu. Ağdamlılar son iki oyunda uğursuz çıxış edirlər. “Xəzər Lənkəran” isə hər tur artırır. Bu iki klub baxımlı futbol sərgiləməsi ilə seçilirlər. Amma hər şeyə rəğmən, “Qarabağ” bu oyunda özünü yaxşı tərəfdən göstərməlidi. Çempionat yeni başladığından tərəflər çox riskə getmək istəməyəcəklər. Heç-heçə olacağını düşünürəm.
Simurq – Kəpəz
Gəncəlilər bu mövsüm gözəl futbol sərgiləyir. Hücum xəttində keyfiyyətli oyunçulara malikdi. “Simurq” isə yenicə heyətini komplektləşdirib və onlara bir qədər vaxt lazımdı. Zaqatalalılar həmişə evdə uğurlu çıxış edirlər. Buna baxmayaraq, “Kəpəz” qələbə qazanmalıdı.
AZAL – İnter
“İnter” hələ bizim görməyə alışdığımız formada deyil. AZAL isə yeni komanda formalaşdırıb, ciddi dərəcədə güclənib. Baxmayaraq ki, bu, nəticədə özünü göstərmir. Fikrimcə, AZAL bu oyunda “İnter”i məğlub edəcək.
Turan – Bakı
Maraqlı oyun olacaq. “Turan” öz meydanında ənənəvi olaraq yaxşı oyun sərgiləməyə çalışacaq.
Maliyyə probleminə dair söhbətlərə baxmayaraq, onların bu ev oyununu boşa verəcəyini düşünmürəm. “Bakı”ya gəlincə, onlar hələ öz oyunlarını tapmayıblar. Heyətləri isə yaxşıdı. Böyük ehtimalla heç-heçə olacaq.
Rəvan – Sumqayıt Şəhər
“Rəvan” yaxşı komandadı. Amma hələ bəxtləri gətirmir. SŞ isə gənc və perspektivli futbolçulardan qurulub. Onlara da vaxt lazımdı. Düşünürəm ki, “Rəvan” bu oyunda 3 xala sahib çıxar.
Neftçi – Qəbələ
Son çempion özünü hələ yaxşı tərəfdən göstərə bilmir. Eyni sözləri “Qəbələ”yə də aid etmək olar. Baxmayaraq ki, onların nəticələri pis deyil. “Neftçi”yə çox çətin olacaq. Kimin qələbə qazanacağını demək çətindi. “Neftçi” cütün favoritidi. Amma son iki məğlubiyyət qətiyyən onlara üstünlük vermir. Mümkündü ki, heç-heçə olsun. Hər halda “Neftçi” qələbə qazanar.
