18 sentyabr 2011 16:54
Qarabağ və millimiz üçün Rauf Əliyev şoku
Futbol üzrə yığma komandamızın və “Qarabağ”ın hücumçusu Rauf Əliyev ciddi zədə ilə üzləşib. Azerisport.az xəbər verir ki, o, dünən keçirilən Premyer Liqanın “Xəzər Lənkəran”la oyununda Elnur Allahverdiyevlə toqquşma zamanı zədələnən Raufun uzun müddət yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib.
O, dünənki görüşdə zədələndikdən sonra oyuna davam etsə də, həkimlərin bu günkü müayinəsi forvardın ən azı iki ay futbol oynaya bilməyəcəyini üzə çıxarıb. Belə olan halda Raufun nəinki “Qarabağ”ın qarşıdakı oyunlarını, həm də millimizin qarşıdan gələn Avstriya və Türkiyə ilə AÇ-2012-nin seçmə oyunlarında da forma geyməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, millimiz Avstriya ilə oktyabrın 7-də, Türkiyə ilə 11-də qarşılaşacaq.
