20 sentyabr 2011 00:47
Yığma komandanın baş məşqçisi qovuldu
Futbol üzrə Bolqarıstan yığması baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Bolqarıstan Futbol Federasiyası baş məşqçi Lotar Matteusu baş məşqçi postundan qovub.
Buna bolqarların AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yer aldıqları G qrupunda sonuncu yerdə getmələri səbəb olub. Ardıcıl uğursuzluqlardan təngə gələn federasiya rəhbərliyi çıxış yolunu məhz almaniyalı mütəxəssisi postundan uzaqlaşdırmaqda görüb.
Qeyd edək ki, bu posta bir il öncə gətirilən Matteus Stanimir Stoylovu əvəzləyərkən ən azı tsiklin sonuna kimi baş məşqçi postunda qalacağına dair razılıq əldə etmişdi. Amma 50 yaşlı mütəxəssisin çox uğursuz fəaliyyəti onun gedişini tezləşdirib. Onun rəhbərliyi altında Bolqarıstan yığması cəmi 1 oyunda qələbə qazana bilib.
Hələlik, Matteusun boşaltdığı kresloya kimin oturacağı dəqiq bilinmir. Bilinən sadəcə Bolqarıstan yığmasını qarşıdakı seçmə oyunlara gənclərdən ibarət millinin məşqçisi Mixail Madanskini çıxaracağıdı.
