20 sentyabr 2011 00:16
Adrian Pit və Mureşan üçün Lənkəranda xoş sürpriz
Premyer Liqanın 6-cı turunda səfərdə “Qarabağ” üzərində qazanılan qələbədən sonra “Xəzər Lənkəran”ın futbolçularına iki günlük istirahət verildiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, yerli futbolçular hamılıqla evlərinə gedərək istirahət günlərində ailələrinin yanında olmağa üstünlük veriblər.
Legionerlərin isə əksəri vətəninə yollanmağa üstünlük verib. Amma bu istirahəti elə Lənkəranda keçirməyə qərar verənlər də olub. Belə ki, Adrian Pit və Andrey Mureşan “Qarabağ”la oyun bitəndən sonra Lənkrana qayıdıblar “Palmali” şirkətlər qrupuna məxsus olan və Lənkəranda yerləşən “Palmalife” istirahət mərkəzində nişanlısı ilə istirahət edən Pitə həmyerlisi Mureşan da qoşulub.
Bu arada bir qrup “Xəzər Lənkəran” azarkeşi də adı çəkilən rumın futbolçulara sürpriz etmək qərarına gəliblər. Azarkeşlər, futbolçuları çay süfrəsinə dəvət edərək, üzərində ağ-yaşıl rəngdə “Xəzər Lənkəran”ın loqosu çəkilmiş və xüsusi sifarişlə hazırlanmış böyük tortu onlara hədiyyə ediblər. Azarkeşlər toru “Qarabağ”la oyunda Pitin vurduğu möhtəşəm qola həsr etdiklərini də gizlətməyiblər.
