21 sentyabr 2011 13:16
Azərbaycan millisi FİFA reytinqində 14 pillə irəlilədi
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi sözügedən siyahıda xeyli irəliləyib.
Belə ki, Berti Foqtsun komandası 14 pillə irəliləyərək 98-ci sıraya yüksəlib. Hazırda komandamızın hesabında 359 reytinq xalı var. Ötən ayla müqayisədə millimizin hesabına 87 reytinq xalı əlavə olunub.
Millimizin AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərinə gəlincə, Almaniya 1290 xalla 3-cü pillədəki yerini qoruyub. Türkiyə millisi isə 3 pillə geriləyərək, 27-ci sıraya düşüb və 811 xala malikdi. 729 xala malik Belçika yığması isə əksinə - 3 pillə irəliləyib – 34-cü pillə. Avstriya yığması isə xeyli geriləmək məcburiyyətində qalıb. 9 pillə geriləyən avstriyalılar 442 xalla 77-cidilər. 198 xala malik Qazaxıstan da 5 pillə geriləyərək 131-ci sıraya düşüb.
DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizin də mövqeyinə diqqət yetirək. Portuqaliya 3 pillə irəliləyərək 1158 xalla 5-ci yerdə gedir. 954 xala malik Rusiya isə 13-cü sıradakı yerini qoruyub. İsrail əvvəlki ayla müqayisədə 6 pillə geriləyərək 677 xalla 38-ci sıraya düşüb. Şimali İrlandiya da 11 pillə geriləməklə 477 xalla 70-ci sırada qərarlaşıb. Lüksemburq isə 14 pillə irəliləyib. Bu ölkənin millisi hazırda 284 xalla 114-cüdü.
Bütövlükdə isə reytinq siyahısına İspaniya yığması başçılıq edir - 1605 xal. Son dünya və Avropa çempionu zirvədəki Hollandiyanı 2-ci pilləyə sıxışdırıb - 1571 xal. Almaniya üçüncüdü - 1290 xal. 1 pillə irəliləyən Uruqvay 4-cü yerə çıxıb - 1184 xal. Portuqaliya 3 pillə irəliləyərək 1158 xalla 5-ci sıraya yüksəlib. İtaliya da bir pillə irəliləyib – 1142 xalla altıncı. Braziliya isə 1132 xalla italyanlardan bir pillə geridə qərarlaşıb. 4 pillə geriləyən İngiltərə 1089 xalla səkkizincidi. İlk onluğu 1 pillə geriləyən Argentina qapayır - 1024 xal. Xorvatiya isə bir pillə irəliləyərək 1057 xalla doqquzuncudu.
Növbəti reytinq cədvəli oktyabrın 19-da açıqlanacaq.
