24 sentyabr 2011 21:05
Vaqif sabiq klubuna qarşı oynamadı, Volqa uduzdu (YENİLƏNİB)
Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” səfərdə CSKA-nın (Moskva) qonağı olub.
Qeyd edək ki, həmyerlimizin komandası elitada qalmaq uğrunda mübarizə aparır. 10-cu pillədə qərarlaşan Nijni Novqorod təmsilçisinə hər xal hava-su kimi lazımdı. Lakin paytaxt klubu çempionluq uğrunda yarışırdı və lider “Zenit”dən cəmi 2 xal geri qalırdı. Bu üzdən də həmyerlimizin komandasının bu qarşılaşmada nəyəsə nail olması inandırıcı görünmürdü.
Ötən tur ilk dəfə 90 dəqiqə meydanda olan və komandasının qələbəsinə məhsuldar ötürmə ilə fayda verən Vaqifin yetirməsi olduğu CSKA-ya qarşı da oynayaması ehtimalı yüksək idi. Hər halda Moskva “Spartak”ı ilə sensasion kubok qarşılaşmasında da xoş təsir bağışlayan, "hərbçilər"in sabiq yetirməsi hazırda heç də pis təsir bağışlamırdı. Lakin baş məşqçi Dmitri Çerışev onu ehtiyatda saxlayıb.
Rusiya Premyer Liqası
25-ci tur
24 sentyabr
CSKA – Volqa - 3:1 (1:1)
Qollar: Dumbiya, 6, Dzaqoyev, 68, İqnaşeviç, 84-pen - Bibilov, 17.
Qırmızı vərəqə: Qetiqejev, 49 (Volqa).
