25 sentyabr 2011 19:25
Amit Quluzadə Türkiyədə ilk qələbəsinə sevindi (YENİLƏNİB)
Bu gün futbol üzrə Türkiyə Bank Asya birinci liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Amit Quluzadənin şərəfini qoruduğu “Kayseri Erciyesspor” da növbəti oyununa məhz bu gün çıxıb.
Kayseri təmsilçisi səfərdə “Kartalspor”un qonağı olub. İlk iki oyununda heç-heçəyə imza atan həmyerlimizin komandası 4-cü pillədə qərarlaşan rəqibi ilə dueldə yeni mövsümdə birinci qələbəsini rəsmiləşdirməyə çalışıb və buna nail olub. Hanninin iki qolu həmyerlimizin komandasına yeni mövsümdə ilk 3 xalı qazandırıb. Nəticədə "Erciyesspor" 5 xalla 4-cü sıraya yüksəlib.
Xatırladaq ki, millimizin üzvü əvvəlki iki qarşılaşmadan birinin son dəqiqələrində meydana çıxdığı halda, digərində 90 dəqiqə oynamışdı. Elə bu görüşdə də Amitin iştirakı istisna olunmurdu. Gözlənildiyi kimi, baş məşqçi Fikrət Yılmaz yığmamızın yarımmüdafiəçisinə bu dəfə də ilk dəqiqələrdən şans verib. Quluzadə yenə sona kimi meydanda qalıb və komandasının qələbəsində pay sahibi olub.
Bank Asya birinci liqa
3-cü tur
25 sentyabr
Kartalspor - Kayseri Erciyesspor - 1:2 (0:1)
Qollar: Mehmet Uslu, 90-pen - Hanni, 3; 59.
Amit Quluzadə matçın 41-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Xatırladaq ki, bundan öncəki oyunda da o, eyni aqibəti yaşamışdı.
