26 sentyabr 2011 21:26
Sadıqovun komandası evdə xal itirdi (YENİLƏNİB)
Bu gün Rusiya Premyer Liqasında 25-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, turun qapanış matçında “Anji” doğma meydanda “Terek”lə üz-üzə gəlib.
Son dövrlər vacib xallar itirməklə 7-ci pilləyə düşən Mahaçqala klubu bu görüşdə növbəti 3 xalını qazanmaqla 5-ci sıraya yüksələ bilərdi. Millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun klubu bu oyundan öncə 40 xala malik idi və lider “Zenit”dən 9 xal geri qalırdı. Qroznı təmsilçisi isə 23 xalla 12-ci pillədəydi.
Yeri gəlmişkən, baş məşqçi Hacı Hacıyev cəzalı olduğundan “Anji”ni bu oyuna da Vaqif Sadıqov çıxarmışdı. Lakin təəssüf ki, bu oyun da Sadıqov və komandası üçün uğursuz başa çatıb. İki dəfə hesabda geri düşən Mahaçqala klubunun gücü yalnız məğlubiyyətdən qaçmağa çatıb.
Rusiya Premyer Liqası
25-ci tur
26 sentyabr
Anji - Terek - 2:2 (1:1)
Qollar: Eto´o, 14, Joao Karlos, 90+2 - Pavlenko, 8, Vlasov, 88.
