27 sentyabr 2011 12:50
İntizam Komitəsi daha bir hakim səhvini üzə çıxardı
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının da son turunda baş verən olaylara hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 7-ci turunun “Turan” – “Rəvan” matçında “Turan”ın futbolçusu Qüvvət Əmrahov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Neftçi” – “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Şuşa” – “Lokomotiv” matçında “Şuşa” və “Lokomotiv”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Şuşa”nın futbolçusu Pərviz Bayramov kobud oyuna görə barbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın protokolunda oyunun 85-ci dəqiqəsində “Şuşa”nın futbolçusu Orxan Lalayevin kobud oyuna görə barbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı göstərilib. Lakin matçın videoyazısını izlədikdə futbolçuya göstərilən qırmızı vərəqənin əsassız olduğu aşkar olunub. Bu faktı oyunun hakim-inspektoru da öz raportunda əks etdirib. Bu səbəbdən də futbolçuya göstərilən vərəqə ləğv edilib.
Matçın 90+1-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Aydın Mustafazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
