28 sentyabr 2011 13:55
“Bu, mənim oyunum olacaq”
“Qarabağ” sentyabrın 30-da Premyer Liqanın 8-ci turu çərçivəsində “Turan”ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, Ağdam kluu bu oyuna ciddi hazırlaşır.
AZAL-a son oyunda uzun müddətli zədədən sonra start heyətində meydana çıxan, vurulan hər 3 qolda yaxından iştirak edən Vüqar Nadirov “Turan”la oyunda da uğurlu çıxışını davam etdirmək istəyir: “Turan”la oyuna ciddi hazırlaşırıq. Tovuz klubunun son durumu bizi futbol baxımından maraqlandırmır. Meydana çıxan komanda futbol oynamağa çıxır. Əslində belə komandalara qarşı oynamaq çətin olur. Hər kəs rahat oyun gözlədiyindən rəqib üçün əlavə qıcıq doğurur. “Turan” köklü klublardan biridi. Onlar da sona qədər mübarizə aparacaqlar. Yaxşı futbolçuları var. Oyun eyni zamanda fərqli məkanda keçiriləcək. Həm bizim, həm də rəqib üçün “Dalğa Arena”da ilk oyun olacaq. Amma meydanın düz olması maraqlı futbol olacağına işarədi”.
Vüqar özü haqqında isə bunları bildirib: “Mövsümə yaxşı başlamışdım. “Banga”yla ilk oyunda 2 top vurmuşdum. “Brugge”ylə zədələndiyim oyuna isə xüsusi hazırlamışdım. Özümə deyirdim ki, bu, mənim oyunum olacaq. Amma qismət elə oldu ki, oyun başlayan kimi zədələndim. Heç yadıma gəlmir ki, belə uzun müddət futboldan uzaq qalım. Ona görə futbol üçün darıxmışam. Şükür Allaha ki, zədəm artıq geridə qaldı. İnanıram ki, bu il mənim üçün uğurlu olacaq. Doğma komandamda çempionluq yaşamaq istəyirəm”.
