28 sentyabr 2011 01:54
Cəmşid Məhərrəmov: Bu, Azərbaycan futbolunun imicinə xələl gətirir
“Bakı”nın müdafiəçisi Cəmşid Məhərrəmov komandasının çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, Premyer Liqanın son turunun “Neftçi” ilə oyunu barədə bunları dilə gətirib:
“Neftçi” ilə son oyunumuzda qələbə qazana bilərdik. Amma qol vura bilmədiyimiz üçün məğlubiyyətlə üzləşdik. Amma düşünmürəm ki, çempion bizdən üstün oyun sərgilədi. Onların sadəcə bəxti gətirdi. Cəmi 2 qol epizodu yaratdılar ki, onun da birindən yararlandılar. Təəəssüf ki, uduzduq. Komanda zəif oynayıb uduzanda, özünə bəraət qazandıracaq heç nə deyə bilmirsən. Amma belə yaxşı oynayıb uduzanda, çox pis təsir edir”.
Məhərrəmov “Bakı”nın qarşıdakı AZAL-la oyununa da toxunub: “Çətin oyun olacaq. Son iki oyunlarında xal itiriblər. Bizimlə oyunda ancaq qələbəyə çalışacaqlar. Amma bu, bizə də lazımdı. Çempionluğa oynayırıqsa, qələbə qazanmağa borcluyuq. Əlbəttə, rəqibə hörmətlə yanaşırıq. Lakin hədəflərimizi də gizlətmirik”.
“Zolaqlılar”ın kapitanı bu mövsüm üzləşdikləri penalti sindromuna da münasibətini açıqlayıb: “Bu, sadəcə bəxtsizlikdi. Bəxt bizdən üz döndərib. Penaltini necə vura bilməmək olar? Məşqlərdə bunun üstündə işləyirik. Bizdə bütün futbolçular penalti vura bilirlər. Amma oyunda alınmır. Tovuzda da vura bilmədik, amma oyunu qazandıq. Əminəm ki, artıq “qara zolaq” arxada qalıb və bundan sonra istənilən futbolçumuz penalti vura biləcək”.
Məhərrəmov paytaxt derbisindən sonra baş verən qalmaqalla da bağlı fikirlərini dilə gətirib: “Fikrimcə, münaqişələr meydanda qalmalıdı. Düzünü deyim ki, mən oyun vaxtı Elvin Əliyevlə Mirhüseyn Seyidov arasında heç bir gərginlik hiss etməmişdim. Əgər onların bir-birini söydüyünü eşitsəydim, buna qarışardım. Futbolçunun döyülməsi Azərbaycan futbolunun imicinə xələl gətirir. Belə şeylərin təkrarlanmasını istəməzdim”.
