28 sentyabr 2011 16:25
“Turanda heç bir narazıçılıq yoxdu, futbolçular məvaciblərini alıblar”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində sentyabrın 30-da son oyunlarda uğursuzluq zolağından çıxa bilməyən “Turan” “Qarabağ”ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, Tovuz təmsilçisi cari mövsümün ilk turlarında inamlı təsir bağışlasa da, bu uğurların ardını gətirə bilmədi və komanda hazırda təhlükəli zonada qərarlaşıb.
Komandadakı son vəziyyət barədə klubun mətbuat katibi Süleyman Tağıyev məlumat verib. O, “Turan”da vəziyyətin yaxşılığa doğru dəyişdiyini söylədi: “Komandada son vəziyyət normaldı, futbolçular iki gündür məşq edirlər. Bu gün Tovuzda axırıncı dəfə məşq etdikdən sonra komanda sabah Bakıya yollanacaq. “Qarabağ”la oyunöncəsi orada da bir dəfə məşq keçiriləcək. Futbolçular məvaciblərini alıblar, heç bir narazıçılıq yoxdu. Komandada əhval-ruhiyyə normaldı, psixoloji vəziyyət yaxşılığa doğru dəyişir. Heyətimizdə heç bir zədəli və ya cəzalı futbolçu yoxdu, tam heyətlə hazırlıqlarımız davam edir”. (PFL)
