28 sentyabr 2011 12:21
Teves bütün körpüləri yandırdı (VİDEO)
İngiltərənin “Manchester City” klubunun futbolçusu Karlos Teves Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Almaniyanın “Bayern” komandası ilə matçın ikinci hissəsində meydançaya çıxmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Roberto Mançini 54-cü dəqiqədə Edin Dzekonun əvəzinə argentinalı hücumçunu oyuna daxil etmək istəyib. Lakin 27 yaşlı forvard ehtiyatda qalmasına etiraz əlaməti kimi oynamaqdan boyun qaçırıb. Nəticədə Mançini Dzekonu Naycel de Yonqla əvəzləyib. Qarşılaşma isə ingilislərin 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Oyundan sonra Roberto Mançini Karlos Tevesin bu hərəkətinin onun üçün son olduğunu bildirib. Halbuki, bu vaxta kimi çox belə şıltaqlıqlar edən argentinalı ulduz hər dəfə baş məşqçi tərəfindən bağışlanırdı.
