29 sentyabr 2011 14:33
İnterlə XL 25-ci dəfə üz-üzə
Azərbaycan Çempionatı və Kuboku çərçivəsində "İnter" və "Xəzər Lənkəran" bir-birilə 24 dəfə qarşılaşıblar. Azerisport.az xəbər verir ki, bu komandalar arasında sabah baş tutacaq növbəti oyun rəqiblər üçün sayca 25-ci olacaq.
24 görüşün 12-si heç-heçəylə nəticələnib, 5 oyunda "İnter" qalib gəlib, 7 dəfə isə "Xəzər Lənkəran" meydandan üstün ayrılıb (qeyd edək ki, bir qarşılaşmada lənkəranlılar rəqibi ancaq oyuna əlavə edilmiş vaxtda məğlub ediblər, keçən mövsümün Azərbaycan Kubokunun finalında isə "Xəzər Lənkəran" "İnter"i ancaq oyunsonrası penalti zərbələrində üstələyib).
24 qarşılaşmada "İnter" rəqibin qapısına 23 dəfə yol tapıb. Cənublular isə iki top artıq - 25 qol vurublar. "İnter" - "Xəzər Lənkəran" oyunlarının ən populyar hesabı 1:1-di. Bu nəticə 24 görüşün 6-da qeydə alınıb.
11 ev oyununda paytaxt klubu "Xəzər Lənkəran"a 2 dəfə məğlub olub, 5 görüşdə qalib müəyyənləşməyib, 4 qarşılaşmada isə "İnter" qələbə qazanmağı bacarıb.
"İnter" və "Xəzər Lənkəran" arasında ilk oyun 2004-cü ildə baş tutub. Həmin görüşdə Bakı klubu rəqibə qalib gəlib. Qeyd edək ki, bu qarşılaşmada ilk qolun müəllifi “İnter”in belaruslu legionerı Vladimir Makovski olub.
Əlavə edək ki, rəqiblər heç vaxt bir-birini 2 topdan artıq üstünlüklə məğlub edə bilməyiblər. Bu komponentdə hər iki komanda öz aktivinə səfərdə qazanılan 2 top fərqli qələbələriylə yaza bilib. Belə ki, 2008/09 mövsümündə “İnter” səfərdə lənkəranlılara aman verməyib və 4:2 hesablı gözəl qələbə qazanıb. Ötən mövsümdə isə "Xəzər Lənkəran" "İnter"i "Şəfa" stadionunda 3:1 hesabıyla məğlub etməyi bacarıb. (“İnter”in rəsmi saytı)
