29 sentyabr 2011 17:56
Qarabağ beş ildi Turana uduzmur
“Qarabağ” sabah “Turan”ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, bütün çempionatların iştirakçısı olan komandalar milli birincilikdə yubiley – 40 oyununa “Dalğa Arena”da çıxacaqlar. Bəs, arxada qalan 39 oyunun rəqəmləri nəyi göstərir?
Ümumiyyətlə, “Qarabağ” – “Turan” rəqabətində ilk oyun Ağdamda baş tutub. 1992-ci ildə keçirilən ilk çempionatda 1:1 hesabı qeydə alınıb. Mayın 18-də Əmir Zamanovun idarə etdiyi oyunda Mahir Əliyev ağdamlıları 5-ci dəqiqədə önə keçirsə də, sona 4 dəqiqə qalmış qonaqlar Rüfət Quliyevlə hesabı bərabərləşdirə biliblər.13 iyulda isə Tovuzda cavab oyunu baş tutub və Gülağa Cabbarovun idarə etdiyi, 5000 azarkeşin izlədiyi oyunda ev sahibləri Vidadi Rzayev və Sakit Alıyevin qollarıya 2:0 hesabıyla qələbə qazanıb.
“Qarabağ” tarixində ilk çempionluğunu qazandığı 1993-cü ildə “Turan” üzərində ilk qələbəsini də bayram edib. Çempionatın fərqli formatıyla əlaqədar komandalar təsnifat mərhələsində üz-üzə gəlmədilər. Sumqayıtda, M.Hüseynzadə adına stadionda baş tutan yeganə yarımfinal oyununda (Oyunların sayının tək olması məhz həmin ildə baş tutan oyunla bağlıdı) hazırda “Qarabağ”da məşqçi kimi çalışan Yaşar Hüseynovun vurduğu qolla qalib gələn ağdamlılar finala yüksəliblər.
Ağdam işğal olunan ildə “Qarabağ”la “Turan” çempionatla yanaşı kubokun da yarımfinal mərhələsində qarşılaşıblar. 12 mayda Ağdamda baş tutan və 8000 azarkeşin izlədiyi oyunda bu dəfə də Yaşar Hüseynovun vurduğu tək qol qələbə gətirib. Cavab görüşündə də Mahir Əliyev və Mehman Alışanovun vurduğu qolla 2:1 hesabıyla qalib gələn “Qarabağ” finala yüksəlib.
Sabah “Qarabağ” 3 xalı qazansa, bu rəqib üzərində 40-cı oyunda 18-ci dəfə qələbəyə sevinəcək. “Turan” isə indiyə kimi 14 oyunda qələbə qazanıb. Amma tovuzluların 3 qələbəsi texniki qələbəylə qazanılıb. 1995/96, 98/99 və 2000/01 mövsümlərində qeydə alınan texniki qələbələr “Qarabağ”ın ağır durumlarında qeydə alınıb.
Maraqlıdı ki, “Turan”ın 3 böyük hesablı qalibiyyətinin 2-i məhz həmin mövsümlərdə qeydə alınıb, 95/96-da 0:3, 00/01-də 2:5. 2004/05 mövsümün son turunda tovuzlular “Qarabağ” üzərində ən böyük qələbələrini qeyd ediblər - 4:0.
Əvəzində “Qarabağ” 4 dəfə eyni uğura imza atıb. Ağdamlılar 97/98-də 5:1, 01/02-də 5:2, 03/04-də isə 4:0-lıq qələbələrə imza atıblar. Tərəflər arasında ötən mövsüm fevralın 25-də Suraxanı qəsəbə stadionunda baş tutan qarşılaşmada isə “Qarabağ” tarixində 4-cü dəfə “Turan”ı böyükhesablı məğlubiyyətə uğradıb - 5:1.
Ümumiyyətlə, “Qarabağ” son illərdə “Turan”a qarşı olduqca uğurlu çıxış edir. “Qarabağ” çempionatda rəqibinə sonuncu dəfə 2006-2007 mövsümündə məğlub olub. 2006-cı ilin dekabrın 13-də Tovuzda baş tutan qarşılaşmada Böyükağa Ağayevin başçılıq etdiyi komanda 3:1 hesabıyla məğlub olub. Başqa sözlə 5 ildi ki, “Qarabağ” “Turan”a məğlub olmur.
“Qarabağ”ın “Turan”a qarşı sonuncu ev məğlubiyyətindən 10 ildən çox keçir. 2000/01-də mayın 5-də OİK stadionda qeydə alınmış 2:5-lik məğlubiyyət sonuncudu. Həmin oyundan sonrakı 9 ev matçında ağdamlılar məğlubiyyət görməyiblər. Ümumiyyətlə, “Qarabağ” sonuncu dəfə rəqibinə 07/08 mövsümündə xal verib, 0:0, son 6 görüşün hamısında tovuzluları məğlub edib.
39 görüşdə 51 dəfə rəqibinə qol vuran “Qarabağ” 39 dəfə qapısından topu çıxarıb. “Qarabağ”la “Turan” 5 kubok mövsümündə qarşılaşıblar. Baş tutan 9 qarşılaşmada 7 dəfə qələbə qazanıb, 1 dəfə məğlub olub. Qarşıdurma tarixində baş tutan yeganə heç-heçə isə ötən mövsüm qeydə alınıb - 0:0. Penaltilərlə növbəti mərhələyə çıxan “Turan” ilk dəfə bunu bacarıb. 14 dəfə rəqibini meydanın mərkəzinə dəvət edən “Qarabağ” “Turan”a 5 dəfə eyni sevinci yaşadıb.
Mənbə: “Qarabağ”ın mətbuat xidməti
