1 oktyabr 2011 14:48
Emeka Opara: Bu yenilgini dramatikləşdirmək lazım deyil
“Xəzər Lənkəran”ın forvardı Emeka Opara Premyer Liqanın 8-ci turunun “İnter”lə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Ötən mövsüm ölkə kubokunun finalında məğlub etdiyiniz komanda bu mövsüm sizə ilk yenilgini yaşatdı...
- Mən bu müqayisədə bir məna görmürəm. Ölkə kubokunu biz ötən mövsüm qazanmışdıq. Bu mövsüm isə hər şey başqadı. Bizdə xeyli dəyişikliklər baş verib. Elə rəqib düşərgədə də yenilər çoxdu.
- Məğlubiyyətə nə səbəb oldu?
- Xüsusi hansısa səbəb görmürəm. Rəqibimiz ilk yarıda uğurlu oyun sərgilədi. İkinci hissədə biz oyunda bərabərlik yaratsaq da, qapımızdan qol buraxdıq.
- Xüsusi hansısa səbəb görmürəm. Rəqibimiz ilk yarıda uğurlu oyun sərgilədi. İkinci hissədə biz oyunda bərabərlik yaratsaq da, qapımızdan qol buraxdıq.
- Əsas rəqiblərinizdən birinə uduzmağınız məyusedici deyil?
- Rəqib bizi elə də çox üstələmirdi. Ola bilsin ki, 1-2 qol vəziyyəti bizdən daha çox yaratdılar. Vəssalam. Qalan vaxt ərzində oyun elə mərkəzdə gedirdi. Hesab etmirəm ki, oyun planında biz onlardan çox geri qalırdıq.
- Sizi meydana artıq komanda məğlub durumda olarkən buraxdılar...
- Təəssüf ki, komandama kömək edə bilmədim. Qol vurandan sonra rəqibimiz müdafiə xəttini gücləndirdi və daha ehtiyatlı oynamağa başladı. Belə olan vəziyyətdə nəsə etmək çox çətin idi.
- Siz bu məğlubiyyətdən bir o qədər də qayğılı görünmürsüz...
- “İnter”ə məğlubiyyəti dramatikləşdirmək lazım deyil. Biz sadəcə bir oyunda uduzmuşuq. 8 oyuna bu, heç də qorxulu deyil. Qarşıda hələ çox oyunlarımız var. Çalışacağıq ki, onlarda qələbə qazanaq.
- Sizin yaxın izləyiciləriniz büdrəməyinizi gözləyirdilər. Axı belə olan halda onlara sizə çatmaq daha asan olur...
- Deməli, indi rahat nəfəs ala bilərlər. Amma bu seriyanın qırılması o demək deyil ki, yenisi bir daha olmayacaq.
