3 oktyabr 2011 15:28
Kamran Ağayev: Neftçinin necə oynamasının mənim üçün fərqi yoxdu
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev AÇ-2012-nin seçmə mərhələsinin qarşıdan gələn Avstriya və Türkiyə ilə oyunları öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanın “İnter”lə oyununa kənardan baxmaq ağır deyildi ki?
- Zədəm olmasaydı, komandama kömək edəcəkdim. Demək olar ki, bərpa olmuşdum. Oynamamağımın əsas səbəbi son həftəni məşq etməməyim və tam hazır olmamağım idi. Buna görə də Mirça Rednik kim hazır idisə, onu buraxdı.
- Kamal Bayramovun oyununu necə qiymətləndirirsiz?
- Yaxşı. O, kobud səhvlərə yol vermədi. Buraxılan qola gəlincə, onluq nəsə yox idi. Əvəzində bir neçə ümidsiz topları çıxardı. Sadəcə, qolda Nizami Hacıyev yaxşı vurdu. Ciddi bir şey deyildi.
- İlk yenilginizi necə qəbul etdiniz?
- Normal. Qələbə qazanırsansa, məğlub olmağı da bacarmalısan. Bu, qorxulu deyil. “Xəzər Lənkəran” da nə vaxtsa, uduzacaqdı. Amma düzünü deyim ki, məhz 8-ci turda uduzacağımızı gözləmirdim. Eybi yox, qarşıda hələ çox oyunlarımız var.
- Sizcə, məğlubiyyətə nə səbəb oldu?
- Biz süni qazonda oynamağa alışmamışıq. Bu oyunda da aşkar hiss olundu. Amma belə çox da pis oynadığımızı düşünmürəm.
- Biz süni qazonda oynamağa alışmamışıq. Bu oyunda da aşkar hiss olundu. Amma belə çox da pis oynadığımızı düşünmürəm.
- Ehtiyatdakı oyununu da qazansa, “Neftçi” sizdən cəmi 1 xal geri qalır...
- Bu komanda məni maraqlandırmır. Mənim üçün onların necə çıxış etməsinin fərqi yoxdu.
- Paytaxt klubuyla maraqlanmadığınızı deyirsiz, amma sizi az qala hər turda bu komandanın oyunlarında görmək mümkündü...
- Sizin kimi başqaları da mənə bunu deyir. Məsələ burasındadı ki, “Neftçi”də mənim yaxın dostum Ruslan Əmircanov çıxış edir. Mən ancaq ona görə stadiona gedirəm. O da imkanı olduqca, mənim oyunlarıma gəlir. Sadəcə, Lənkərana gəlməsi alınmır.
- Qarşıdan Avstriya və Türkiyə ilə vacib oyunlar gəlir...
- Bu oyunlar tsiklin son matçları olduğundan bizim üçün həqiqətən çox vacibdi. Biz artıq final mərhələsinə düşmək şansımızı itirmişik. Amma dördüncü pillədək möhkəmlənmək üçün yaxşı şansımız var. Nəzərə alsaq ki, 5-ci pillədən yuxarı qalxa bilməmişik, bu, uğur sayıla bilərdi.
- Amma bunun üçün Avstriya üzərində qələbə qazanmaq lazımdı...
- Mən həmişə demişəm ki, öz meydanımızda uduzmaq olmaz. Amma bu dəfə bizə yalnız uduzmamaq yox, həm də qələbə qazanmaq lazımdı. Öz gücümüzə inanırıq. Bilirik ki, Avstriyanı məğlub edəcək gücdəyik. Baxaq görək onlarla necə oynayırıq. Türkiyə ilə oyuna isə məhz Bakıdakı qarşılaşmadan sonra hazırlaşmağa başlayacağıq.
