4 oktyabr 2011 16:42
AFFA Elvin Əliyev qalmaqalı ilə bağlı qərar çıxardı
AFFA İntizam Komitəsinin bu günkü iclasında futbol üzrə Azərbaycan Premyer Liqasının 7-ci turunun “Neftçi” – “Bakı” matçından sonra baş verən qalmaqala da xüsusi toxunulub. Azerisport.az xəbər verir ki, ötən iclasda bu məsələyə baxılmasa da, məhz AFFA rəhbərliyinin göstərişindən sonra İK bu dəfə həmin çatışmazlığı aradan qaldırıb.
Məlum olub ki, Neftçi” – “Bakı” matçından sonra qonaq komandanın futbolçusu Elvin Əliyev soyunub-geyinmə otağından çıxdıqdan sonra “Neftçi” klubunun avtobusuna yaxınlaşıb və orada ona qarşı fiziki təsir göstərilib. Bu hadisə kütləvi informasiya vasitələrində əks olunsa da, adıçəkilən insident barəsində matçın AFFA nümayəndəsi və “Bakı” klubu tərəfindən İntizam Komitəsinə yazılı müraciət olmayıb.
Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
1. Hər iki klub daxili intizam qaydalarını gücləndirməsi tövsiyyə edilir.
2. “Neftçi” klubu baş vermiş hadisə ilə bağlı təqsirkar şəxslər haqqında lazımi ölçü götürsün. Klub Premyer Liqanın növbəti ev oyunları zamanı ictimayi asayişi gücləndirsin və analoji hadisənin baş verməməsi üçün lazımi tədbirlər görsün. Əks halda, oxşar hadisənin baş verəcəyi təqdirdə “Neftçi” klubuna qarşı ən sərt tədbirlər görüləcək.
3. Hakim-İnspektorlar Komitəsi matçın AFFA nüməyəndəsi haqqında qərar qəbul etsin və yazılı surətdə İntizam Komitəsinə məlumat versin.
Sonda onu da xatırladaq ki, sözügedən matçın hakim-inspektoru Mübariz Hüseynov olub.
