6 oktyabr 2011 15:11
“Səfərdən bir xal ilə dönsək, bunu da uğur hesab edəcəyik”
Futbol üzrə Azərbaycan birinci divizionunda 5-ci turun mərkəzi oyunu Yevlaxda keçiriləcək. Azerisport.az xəbər verir ki, indiyədək keçirdikləri bütün oyunlarda qalib gələn iki komandadan biri olan “Karvan” digər yenilməzi - paytaxtın “Lokomotiv” klubunu qəbul edəcək.
“Lokomotiv” rəqibinə nisbətdə bir oyun az keçirib. Klubun icraçı direktoru Neman Məmmədov “Karvan”la səfər oyununa ciddi hazırlaşdıqlarını deyir: “Yevlaxdakı qarşılaşmaya ciddi hazırlaşırıq. Komandamızda bəzi zədəli futbolçular olsa da, əhval-ruhiyyə yüksəkdi. “Karvan”ın heyətində kifayət qədər təcrübəli futbolçular var. Rəqibimiz hazırda turnir cədvəlinin lideridi. Ancaq buna baxmayaraq, biz Yevlaxa qələbə qazanmaq üçün gedirik. Səfərdən bir xal ilə dönsək, bunu da uğur hesab edəcəyik. Heç bir rəqibə zəif yanaşmaq olmaz. Keçirdiyimiz hər üç oyunda qalib gəlsək də, rəqiblərimizin yüksək əzmkarlığı ilə qarşılaşmışıq. Çempionatda zəif komanda yoxdu”.
