6 oktyabr 2011 17:24
“Ən azı 1 xal qazanmaq istəyirik”
Bu mövsüm “Simurq”un heyətində 2 qola imza atan yarımmüdafiəçi Tofiq Mikayılov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, qarşıdakı turun Lənkərandakı oyunundan xal ilə qayıtmağa ümid edir:
- Komandamız "Neftçi"yə qarşı güclü müqavimət göstərdi. Bu oyunda da biz sona kimi mübarizə aparacağıq. Hal-hazırda istirahətdəyik. Oyuna ciddi hazırlaşacağıq. Əgər hakim ədalətli olsa, biz Lənkərandan yaxşı nəticə ilə geri dönəcəyik. Ən azı 1 xal qazanmaq istəyirik.
- Bu oyuna hazırlıq digərlərindən fərqlənəcək?
- Yəqin ki, fərqlənər.
- Zaqataladakı stadionun ot örtüyü sünidi. Lənkərandakı stadionda isə təbii ot örtüyüdü. Bu sizə problemlər yaradacaq?
- Əlbəttə. Sumqayıt şəhərində keçirilən oyunda məşqçilər korpusu gördü ki, bizə çətindi. Çox güman ki, qarşıdakı oyuna biz Qax şəhərinin stadionunda məşq edəcəyik.
- Çempionatın əvvəlindəki "Simurq"la 8-ci turdakı "Simurq" arasında fərq görürsən?
- Əlbəttə. O zaman bizim legionerlər yeni idilər, komandaya tam uyğunlaşmamışdılar. İndi isə hər şey fərqlidi. Bunu bizim axırıncı oyunlarda da görmək olar.
- "Simurq" - "Neftçi" oyunundan sonra sizdə yəgin ruh düşkünlüyü olar...
- Yox. O oyun artıq geridə qalıb. Sadəcə, bu hakimlər nəsə məhz bizim oyunlarda çoxlu səhvlər edirlər.
- Azarkeşlərə nə sözün var?
- Çox sağ olsunlar ki, bizi tək qoymurlar. Həmişə bizi son oyunlardakı kimi dəstəkləsinlər. Biz də öz tərəfimizdən əlimizdən gələnini edəcəyik.
