7 oktyabr 2011 00:06
“Qarşımıza Bakıda qələbə qazanmaq vəzifəsini qoymuşuq”
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan Avstriya yığmasının baş məşqçi funksiyasını yerinə yetirən Villi Ruttenştayger sabah keçiriləcək Azərbaycanla oyunu öncəsi Bakıda jurnalistlər üçün mətbuat konfransı keçirib. Azerisport.az həmin mətbuat konfransı ilə sizi də tanış edir.
“Azərbaycana yenidən gəldiyim üçün şadam. İlk dəfə 2005-ci ildə gənclərdən ibarət yığmanın nümayəndə heyətində bura gəlmişdim. O zaman çox çətin oyun olmuşdu. Sabah da (bu gün) elə olacağını düşünürəm. Berti Foqtsun komandası özünə hörmət еtdirməyi bacaran kollektivdi. Xüsusilə də, Belçika və Qazaxıstanla oyunlardan sonra” – deyə, Ruttenştayner sözə başlayıb.
Müvəqqəti baş məşqçi komandamızın heyətində ən çox çəkindikləri oyunçunun adını da açıqlayıb: “Mən daha çox bütün komandanızdan ehtiyatlanıram. Rəqibi öyrənmək üçün çox az vaxtım olub. Amma Azərbaycan yığması haqda lazımınca məlumat toplaya bilmişəm. Qeyd etmək istərdim ki, komandanızın superkapitanı var. Daha 3-4 yaxşı səviyyəli oyunçunuz var. Onlar rahatca ölkə xaricində oynaya bilərlər”.
Ruttenştayner qarşıdakı oyunlar üçün komandasının hədəfini də açıqlayıb: “Hər bir komanda kimi, biz də qarşımıza qələbə qazanmaq vəzifəsini qoymuşuq. Fikrimcə, qapalı bir oyun olacaq. Yaxşı baş məşqçiniz var. Amma komandanızın necə oynayacağı bizim üçün o qədər də vacib deyil. Əsas öz oyunumuzdu”.
