6 oktyabr 2011 12:02
Qulaq burması Joze Mourinyoya iki oyunluq cəzaya başa gəldi
İspaniyanın "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo iki oyunluq cəzalanıb. Azerisport.az xəbər verir ki, buna onun İspaniya Super Kubokunun cavab qarşılaşmasında "Barcelona"nın köməkçi məşqçisi Tito Vilanovanın qulağını burması səbəb olub.
Həmin oyunda baş verənləri araşdıran İspaniya Futbol Federasiyası Mourinyoya iki oyunluq cəza verməklə yanaşı, məşqçini 600 avro da cərimələyib. Lakin bu cəza yalnız İspaniya Super Kubokunun oyunlarına şamil edilir.
Yaşanan qalmaqalla əlaqədar "Barcelona" klubu da cəzasız qalmayıb. Kataloniya təmsilçisinə 90 avro cəza kəsildiyi halda, həmin qalmaqalın iştirakçısı Vilanovaya 1 oyunluq cəza və 600 avro cərimə tətbiq olunub.
Qeyd edək ki, "Nou Kamp"da baş tutmuş görüş 3:2 hesabı ilə "Barcelona"nın xeyrinə başa çatmışdı.
