6 oktyabr 2011 00:04

Ramin Musayev: Bu məsələni klublar qarşısında qaldırmışıq

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqada və birinci divizionda çıxış edən klubların həkimləri üçün keçirilmiş seminarla əlaqədar olaraq PFL-in saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir:
 
- Klub həkimləri üçün seminar keçirməkdə məqsədiniz nədi?
- Seminarı keçirməkdə əsas məqsədimiz klublarda çalışan həkimlərə kömək, dayaq olmaq idi. Bildiyiniz kimi mən bir müddət “Neftçi” klubunda çalışmışam və həkimlərin, oyunçuların hansı əziyyətlər çəkdiyinin şahidi olmuşam. Elə oyunçu var ki, damarlarındakı zədə ilə bağlı həkimə müraciət edir. Lakin bu cür zədələrin müalicəsi ilə bağlı klublarda problem yaşanmaqdadır. Həmçinin, oyun zamanı futbolçular zədələnir və həmin zədənin nədən ibarət olduğunu, müalicəsinin necə olduğunu, ən əsası həmin futbolçunun oyunu davam etdirməsinə icazə verilib-verilməməsi ilə bağlı həkimlərə kömək məqsədilə seminar təşkil etdik. Seminarda iştirak edən həkim-travmatoloq Əfqan Cəfərov ölkəmizin aparıcı tibb mərkəzlərindən olan “Modern Hospital”da işləyir. Uzun müddət Türkiyədə, Avropada təcrübə keçmiş, ömrünün on səkkiz ilini sırf bu sahəyə həsr etmiş bir həkimdir. Bizim təklifimizi qəbul etdikləri və həkim-travmatoloq Əfqan Cəfərovun seminarda iştirakına şərait yaratdıqları üçün “Modern Hospital”ın rəhbərliyinə minnətdırlığımı bildirirəm. Bəzən futbolçunun zədəsinin nə dərəcədə ciddi olmağını tez bir zamanda müəyyən etmək olmur və həmin futbolçu keyləşdirici vasitələrdən istifadə olunmaqla oyununu davam etdirir. Bu isə bəzi hallarda daha böyük fəsadlara yol açır. Müvəqqəti keyləşdirmə lazım deyilsə, onu etməməlidirlər. Seminarı keçirməkdə məqsədimiz bu və digər məsələlərə  aydınlıq gətirmək idi.
 
- Gələcəkdə də bu cür seminarların keçirilməsi planlaşdırılırmı?
- Seminarın gedişində bəzi məsələrlə tanış olduq və bildik ki, əsas problemlərdən biri də futbolçuların qidalanması ilə bağlıdır. Türkiyəyədən, İtaliyadan və ya başqa bir Avropa ölkəsindən qidalanma ilə bağlı bir mütəxəssis dəvət etməklə futbolçuların çempionat ərəfəsində - istər oyundan əvvəl, istər oyundan sonra necə qidalanmaları, hansı şirə və ya ərzaqları qəbul etmələrinin  qadağan olması - bütün bunları ölkəmizdə tətbiqinə çalışacayıq. “Simurq” klubunun baş məşqçisi Sergey Yuran ilə söhbətimdə, o, mənə dedi ki, bizim vaxtımızda qazlı sərinləşdirici sulardan istifadə etmək qadağan idi. Futbolçulardan kimsə bu qadağanı pozsaydı, onu 5 min avro cərimələyirdilər. Ancaq mən hələ eşitməmişəm ki, bizim klublarda kimsə bu növ içkilərdən istifadə etdiyinə görə cərimələnsin. Əfqan Cəfərovla söhbətimizdə, o, bildirdi ki, qidalanma ilə bağlı mütəxəssisin dəvət olunmasında bizə köməklik edə bilər. Çalışacağıq ki, qidalanma üzrə mütəxəssisin iştirakı ilə keçiriləcək seminarda klubların həkimləri ilə yanaşı baş məşqçilər də yer alsın.
 
- Bizim klub həkimlərinin Avropaya və ya baqşa bir ölkəyə təcrübəyə göndərilməsi nə dərəcədə mümkündür?
- Klub həkimlərinin xaricə göndərilməsi sırf bizim ixtiyarımızda olmayan məsələdir. Maliyyə vəziyyətimiz də buna imkan vermir. Ancaq həkimliklə, futbolçuların zədələrinin müalicəsi ilə bağlı problemlərin aradan qaldırılmasına çalışıram.
 
- Ciddi zədələr və müayinələr zamanı futbolçuların əksəriyyəti Avropaya yollanır. Gələcəkdə federasiya tərəfindən sırf futbol ilə bağlı müayinələri apara bilən klinikanın yaradılması mümkündürmü?
- “Modern Hospital” həkimləri ölkəmizdə təkcə futbol yox, bütün idman növləri üzrə zədələrin müalicəsində çox böyük uğur əldə ediblər. Mən “Neftçi” klubunda çalışanda bizim həkimimiz, rəhmətlik Murd Mərdanlının yanına futbolçularla yanaşı başqa idman növlərindən də idmançılar gəlirdi. Güləşçilərin, volleybolçu qızların, hətta bir dəfə müğənni Nisə Qasımovanın ayağındakı zədə ilə bağlı Murad həkimin yanına gəlmələri yadımdadı. “Neftçi”nin müstəqil klub olmasına baxmayaraq, biz gələn güləşçilərə, volleybolçulara həkimimizin yardımını əsirgəmirdik, müalicə almalarına icazə verirdik. Bu misalı ona görə çəkdim ki, Əfqan Cəfərov da sırf futbolçulara yox, bütün idmançılarımıza kömək ola bilir. Vaxtilə adicə “menisk” deyilən bir zədə növünü müalicə etdirmək üçün futbolçuları ən azından Türkiyəyə göndərirdik və böyük məbləğlər xərclənirdi. Amma indi bu əməliyyat Əfqan Cəfərov tərəfindən ölkəmizdə aparılır. Hakimlərimizdən İlham Əliyevi də “menisk”dən Əfqan Cəfərov əməliyyat etdi. Əməliyyat çox gözəl keçib və İlham Əliyev hazırda çempionatda hakimlik edir. Digər ciddi zədələrdən biri də “çarpaz bağlar”dır. Bu cür zədələrlə qarşılaşan futbolçuları yalnız Almaniyaya göndərirdik. Ancaq “Modern Hospital” rəhbərliyi artıq bu növ əməliyyatı aparmaq üçün lazım olan avadanlıqları ölkəmizə gətirirlər. Bunlar çox böyük alqışa layiq işlərdir.
 
- Zədəyə məruz qalan məhz futbolçuların olduğunu nəzərə alsaq, gələcəkdə bu seminarlar futbolçuların iştirakı ilə klublarda da təşkil edilə bilərmi?
- Bu mövzuda həkimlə söhbət etməmişəm. Ancaq onu deyə bilərəm ki, həkimin iş qrafiki olduqca sıxdır. Klublarımız belə görüşlərin təmənnasız keçirilməsini təşkil etsələr və həkimin vaxtı buna imkan verərsə, çalışaram ki, bunu da  həyata keçirək. Əfqan Cəfərov zədəyə meyilli futbolçuların da seminarda iştirakının mümkünlüyünü söylədi. Məni ən çox maraqlandıran suallardan biri də oyundan öncə futbolçuların masaj edilməsinin düzgün olub-olmaması ilə bağlı idi. Vidadi Rzayev heç vaxt oyundan öncə ayaqlarını masaj etdirmirdi və heç vaxt da eşitmədim ki, Vidadi hansısa zədə alıb. Əfqan Cəfərova oyundan öncə futbolçuların ayaqlarını masaj etdirmələrinin nə dərəcədə düzgün olduğunu soruşdum. O, qətiyyətlə bildirdi ki, oyundan qabaq ayaqları masaj etdirmək olmaz. Bunun xeyirindən çox ziyanı var. Futbolçuya kömək etmək istəyirlərsə, isinmə hərəkətlərini düzgün yerinə yetirsinlər. İsinmə hərəkətləri ilə bağlı da məşhur klubdan və ya Avropa dövlətlərinin birindən mütəxəssisi ölkəmizə dəvət etmək fikrim var.
 
- Futbolçuların tez-tez zədələnməsinin əsas səbəblərindən biri də meydançalardır. Xüsusilə bərbad və süni ot örtüklü meydançalarda futbolçular daha çox zədələnir. PFL klublar qarşısında meydançaların ot örtüyünün yaxşılaşdırılması ilə bağlı öhdəlik qaldırırmı?
- Artıq biz bu məsələni klublar qarşısında qaldırmışıq. Bizi ən çox maraqlandıran süni ot örtüyündən təbii ot örtüyünə keçməkdi. Bəzi regionlarda qış aylarında bərbad vəziyyətdə olan təbii ot örtüyündə oynamaq çətin olur. Ona görə də süni meydançalar da lazımdı. Ancaq bu meydançaların ot örtüyü yüksək keyfiyyətdə olmalıdı. Bu yaxınlarda Qəbələdə oldum. Klubun vitze-prezidenti Fariz Nəcəfovla komandanın bazasının bütün sahəsini gəzdik. Orada ot örtüyü standartlara uyğun olan 4-5 meydança var. Şaxtalı hava olarsa, açıq havada süni ot örtüklü stadion tikilib. Soyuq havalarda məşq etmək üçün üstü bağlı meydança futbolçuların ixtiyarına verilib. Stadionların ot örtüyünün vəziyyəti klubların maliyyə imkanlarından da asılıdı. “Bakı” klubu da gözəl baza yaradıb. Bəzi pis vəziyyətdə olan təbii ot örtüklü meydançalardansa, AZAL-ın yeni tikilən süni ot örtüklü meydançası daha yaxşıdı. Bu yaxınlarda “İnter” - “Xəzər Lənkəran” oyununda olduq. “İnter”in prezidenti ilə görüşümüzdə meydançanın ot örtüyünün keyfiyyətini itirdiyini söylədik və onlar da tezliklə bu yöndə işlərə başlayacaqlarını bildirdi. Mən futbolçularımıza onu demək istəyirəm ki, meydanda bir-birinə ciddi xəsarət yetirməsinlər. Oyun zamanı sərt oynasınlar, ancaq zədələrə səbəb olacaq kobud hərəkətlərə yol verməsinlər.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.