8 oktyabr 2011 15:21
Cavadovun millidən imtinasının səbəbi
Futbol üzrə yığma komandamızın üzvü Vaqif Cavadovun millidən imtinasının səbəbi müəyyənləşib. Azerisport.az xəbər verir ki, buna səbəb onun dünən keçirilən Avstriya ilə AÇ-2012-nin seçmə mərhələ oyunundakı zəif çıxışı və erkən əvəzlənməsi olub.
Belə ki, komandamızın 1:4 hesabıyla məğlub olduğu görüşdən sonra Berti Foqtsun əsas narazılıq etdiyi oyunçulardan biri məhz Vaqif olub. Qeyd edək ki, tez-tez top itkisinə yol verən, hətta qollardan birinin buraxılmasında əsas pay sahiblərindən olan Cavadovu əvəzləyən Vüqar Nadirov komandamızın təsəlli qoluna imza atdı.
Vaqif isə Foqtsun onu ittiham etməsi ilə razılaşmayıb və baş məşqçiyə cavab qaytarıb. Əldə etdiyimiz bilgiyə görə, o, oynadılmayacağı halda ümumiyyətlə yığmaya çağırılmamasını bildirib. Foqts da bunu millidən imtina kimi qəbul edib. Elə Vaqif də bu söhbətdən sonra yığmanın düşərgəsindən ayrılmağa qərar verib.
Sonda onu da bildirək ki, qarşıdakı Türkiyə ilə çətin sınaq öncəsi yığmamızın yeganə itkisi Vaqif deyil. Cavadovdan əlavə cəzalı duruma düşən Rauf Əliyevlə Saşa Yunisoğlu da komandamızdan ayrılmalı olub. Onların əvəzində Foqts yalnız Arif İsayevi əsas komandamıza dəvət edib.
