11 oktyabr 2011 14:10
Səlahət Ağayev: Bu, bizi qorxutmadı
“İnter” və Azərbaycanın gənclərdən ibarət milli komandasının qapıçısı Səlahət Ağayev Belçika ilə keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Çox maraqlı oyun keçdi. Oyunun ilk yarısı bizim üçün çox uğurlu alındı. Komandamıza 2 qol vurmaq müyəssər oldu. Biz vəziyyətə nəzarət edirdik, lakin birinci hissənin sonunda vurulan qol kifayət qədər gözlənilməz alındı. İkinci hissədə rəqib irəliyə doğru atıldı və yekun nəticədə hesabı bərabərləşdirdi. Oyun məndə ikili hiss oyatdı. Bir tərəfdən təəssüf doğurdu ki, 2 top fərqilə öndə olsaq da, bu üstünlüyü əldən verdik. Lakin digər tərəfdən belə güclü rəqiblə heç-heçə oynamaq heç də pis nəticə deyil. Gənc yaşlarına baxmayaraq rəqibin futbolçuları İngiltərə Premyer Liqasında, Almaniya Bundesliqasında oynayırlar. Ancaq bu vəziyyət bizi qorxutmadı və belçikalılara layiqli müqavimət göstərdik. Ötən oyunlarda bir xal da əldə edə bilməmişdik, bu dəfə isə məğlub olmadıq”.
