12 oktyabr 2011 13:32
Türklər yığmamızın ən yaxşılarını açıqladılar
Türkiyə mətbuatı ötən gün keçirilən AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə - Azərbaycan matçında yığmamızın ən yaxşılarının adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, qardaş ölkədən olan həmkarlarımız bu mənada iki futbolçumuzu fərqləndiriblər.
Onların fikrincə, bunlardan biri sol cinah müdafiəçisi mövqeyində çıxış edən və kifayət qədər inamlı çıxışı ilə diqqət çəkən Ufuk Budaqdı. Hansı ki, o, matçın son saniyələrində Sabri Sarıoğlu ilə mübarizə zamanı başının partlaması səbəbindən oyunu tərk etməli oldu.
Millimizin digər fərqlənən futbolçusu isə Ruslan Abışovdu. Son oyunlarda olduğu kimi, yenə dayaq yarımmüdafiəçisi kimi çıxış edən müdafiəçimiz də türklərin diqqətini çəkə bilib.
Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu meydan sahiblərinin minimal hesablı qələbəsiylə bitib – 1:0.
