12 oktyabr 2011 14:06
Mirça Rednik: Bu, bizim üçün çox ciddi itkidi
Qısamüddətli fasiləni başa vuran “Xəzər Lənkəran” yenidən bir araya gəlib. Azerisport.az xəbər verir ki, Lənkərana yola düşən komanda hazırlıqlarını doğma meydanda davam etdirir.
Milli komandanın düşərgəsində olan Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Branimir Subaşiç və Orxan Sadıqlı ilə yanaşı, Elvin Beqiri də hələlik məşqlərə qatılmır. “Qəbələ” ilə oyunda zədələnmiş albaniyalı müdafiəçinin meydana qayıtması yubana bilər.
Baş məşqçi Mirça Rednik heyətlə bağlı “Xəzər Lənkəran” futbol klubunun rəsmi saytına bunları bildirib: “Elvin yenicə əməliyyat olunub, və onun tezliklə oynaya bilmək ehtimalı azdı. Çox güman ki, onun bərpası ilin sonuna kimi çəksin. Bu da bizim üçün çox ciddi itkidi. Digər oyunçularla bağlı isə problemimiz yoxdu. Mario Rosas da artıq tam formadadı, və mən çox şadam ki, yarımmüdafiə xəttinin bütün oyunçularının xidmətindən yararlana bilirəm”.
Mütəxəssis növbəti turdakı rəqib - Zaqatala təmsilçisi “Simurq”un bu mövsüm kifayət qədər maraqlı futbol göstərdiyini bildirdi: “Simurq” heyətini xeyli gücləndirib, və bu artıq öz nəticəsini də verir. Odur ki, onlarla oyun asan olmayacaq. Ümumiyyətlə, Lənkəranda istənilən oyuna ciddi hazırlaşmaq gərəkdi, çünki orada olan atmosfer, minlərlə azarkeş olan stadion hər bir komandanın motivasiyası yüksəltməyə qadirdi”.
Rednik komandasının üç futbolçusunun da iştirak etdiyi Azərbaycan yığmasının son oyununu izləmədiyini, lakin nəticədən təəccübləndiyini bildirdi: “Həmin vaxt Buxarestdə Rumıniya – Belarus oyununda olduğum üçün, Azərbaycan millisinin Avstriya ilə oyununa baxa bilmədim. Yalnız oyunun epizodlarını görmüşəm. Odur ki, futbolçularımız barəsində bir söz deyə bilmərəm. Hər halda hesab onu göstərir ki, komanda ümumilikdə zəif çıxış edib. Sözün düzü, Belçika və Qazaxıstanla oyunlardan sonra bu cür nəticə məni təccübləndirdi. Görünür, komandada yenə psixoloji problemlər özünü biruzə verib”.
