13 oktyabr 2011 20:22
Mirça Rednik: Birinci divizion klublarıyla oyunlar həmişə təhlükəli olur
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik bu gün keçirilən Azərbaycan kubokunun yeni mövsümünün püşkünün nəticələrini dəyərləndirib. Azerisport.az xəbər verir ki, Lənkəran klubu mübarizəyə 1/8 finaldan qoşulacaq.
Bölgə təmsilçisinin rəqibi isə “Şuşa” – “Qaradağ” cütünün qalibi olacaq. Rumıniyalı mütəxəssis saytımıza açıqlamasına şanslardan danışarkən bunları dilə gətirib:
“Birinci divizion klublarıyla oyunlar həmişə təhlükəli olur. Çünki futbolçular heç belə komandalarla oyunlara lazımi şəkildə köklənə bilmirlər. Rəqib komandalarda isə tam əksinə olur. Çalışacağıq ki, səhvə yol verməyək. Ən azı ona görə ki, bizim bu turnirlə də bağlı ciddi hədəflərimiz var. Öz rəqiblərimizə hörmətlə yanaşırıq. 1/8 finalda kimlə oynamağımızdan asılı olmayaraq, qələbə qazanmalıyıq”.
