14 oktyabr 2011 15:50
Fərid Quliyev paytaxt derbisində şans və qol vurmaq istəyir
"Neftçi"nin futbolçusu Fərid Quliyev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, 26 yaşlı hücumçu Premyer Liqanın 9-cu turunda keçiriləcək "İnter"lə oyun barədə fikirlərini bildirib:
"Bildiyiniz kimi çempionatda qısa fasilə yaranmışdı. Bu fasilə ərzində "İnter"lə oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. Düzdür, çətin olacaq, lakin çalışacağıq ki, derbidən qalib kimi ayrılaq".
"Simurq"la ötən turun oyununda qələbə qolunu vuran Quliyev bu dəfə də fərqlənmək üçün çalışacağını deyib: "Baş məşqçi şans versə, ötən turda olduğu kimi, "İnter"lə qarşılaşmada da ələ düşən qol fürsətlərindən yararlanmağa çalışacağam".
Qeyd edək ki, oktyabrın 16-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "İnter" matçı saat 15:30-da start götürəcək.
