15 oktyabr 2011 17:18
Amit Quluzadə ilk ev qələbəsinə sevindi (YENİLƏNİB)
Türkiyənin Bank Asya birinci liqasında 6-cı turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Kayseri Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası doğma meydanda “Çaykur Rizespor”la qarşılaşıb. Bundan öncə keçirdiyi ilk beş oyunun üçündə heç-heçə edib, 2 qələbə qazanan Kayseri təmsilçisi bu qarşılaşmada ilk ev qələbəsini rəsmiləşdirmək istəyirdi. Amitin komandası bu istəyinə çatıb. Özü də dörd cavabsız qolla. Nəticədə, "Erciyesspor" müvəqqəti də olsa, zirvəyə çıxıb. Hazırda 12 xala malik Kayseri klubunun ilk pillədə qalması da istisna deyil.
Komandasının əsas heyət oyunçularından birinə çevrilən Amitin bu dəfə də oynaması istisna olunmurdu. Gözlənildiyi kimi, baş məşqçi Fikret Yılmaz həmyerlimizi əsas heyətdə meydana buraxıb. Lakin o, hesab 2:0 olarkən, 79-cu dəqiqədə əvəzlənib.
Bank Asya birinci liqa
6-cı tur
15 oktyabr
Kayseri Erciyesspor - Çaykur Rizespor - 4:0 (1:0)
Qollar: Gökhan, 41 (1:0), Gökhan, 66 (2:0), Kemal, 89 (3:0), Alican, 90 (4:0).
27-ci dəqiqədə Amit komanda yoldaşını əla zərbə mövqeyinə çıxarsa da, rəqib qapıçı qola imkan vermir
Matçın 79-cu dəqiqəsində Quluzadənin əvəzində meydana Cemal Taşlı çıxır
