15 oktyabr 2011 11:37
9-cu tur: Oqtay Abdullayevin proqnozu
Azərbaycan futbolunun veteranlarından Oqtay Abdullayev azerisport.az saytı üçün Premyer Liqanın 9-cu turunun oyunlarına proqnozlarını açıqlayıb.
Turan – AZAL
Açığını desəm, AZAL indi “Turan”dan güclüdü. Özü də klubdakı maliyyə problemindən sonra Tovuz təmsilçisindəki vəziyyət o qədər də yaxşı deyil ki, “təyyarəçilər”ə qarşı dura bilsinlər. Buna görə də hesab edirəm ki, bu oyunda AZAL qələbə qazanacaq.
Sumqayıt Şəhər – Bakı
“Bakı” ilk altılığa düşmək üçün mübarizə aparır. Buna görə də onlar bu oyundan ancaq qələbəylə ayrılmağı hədəfləyiblər. Əlbəttə, bu komanda hələ öz oyunu göstərə bilmir, qeyri-sabit çıxış edir. SŞ isə gənc komandadı. Şübhəsiz ki, onlar da hər oyunda uğur qazanmaq üçün maksimum çalışırlar. Bu dəfə də elə olacaq. Amma təcrübə öz sözünü deməlidi. Mənim proqnozum “Bakı”nın qələbə qazanacağıdı.
Qəbələ - Kəpəz
Bu oyunun nəticəsini proqnozlaşdırmaq çətindi. Etiraf edim ki, “Kəpəz”in oyunu mənim xoşuma gəlir. Amma fikrimcə, “Qəbələ” evdə uduzmaz. Düzdü, “Rəvan” son turda onları səfərdə yenməyi bacardı. Çünki meydan sahibləri oyuna çox sakit çıxmışdılar. Görünür, düşünürdülər ki, asan qələbə qazanacaqlar. Bu dəfə çətin ki, elə düşünələr. Fikrimcə, heç-heçə olacaq.
Xəzər Lənkəran – Simurq
Burda məncə, hər şey aydındı. Əlbəttə, Zaqatala təmsilçisi son turlarda artırıb. Amma buna baxmayaraq, onlar üçün səfərdə XL-la oynamaq çox çətin olacaq. Lənkəranda qələbə qazanmaq çox çətindi. Çünki meydan sahiblərinin 12-ci oyunçu kimi böyük üstünlüyü var. Onların azarkeşləri komandaya əlavə güc verir. Həm də bu komanda çempionata inamla başçılıq edir. Odu ki, “Xəzər Lənkəran”ın qələbəsini düşünürəm.
Rəvan – Qarabağ
Bu da adi qarşılaşma olmayacaq. Hər iki komanda son turlarda çox əla oynayıblar. Məncə, “Rəvan”ın son turda “Qəbələ” üzərindəki qələbəsi onları bir qədər arxayınlaşdıracaq. Buna görə də “Qarabağ”ın qələbəsini gözləyirəm.
Neftçi – İnter
“İnter” yaxşı oyun sərgiləyir. Amma məhz “Neftçi” ilə oyunlarda onlarda heç nə alınmır. Düşünürəm ki, bu dəfə də qələbə “ağ-qaralar”ın olacaq.
