17 oktyabr 2011 13:47
İK sabah Turanla Vaqif Cavadova sərt cəza kəsə bilər
Sabah AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq qurumun sabahkı iclasında müzakirə olunacaq əsas məsələlər bəllidi.
Belə ki, İK iki vacib məsələyə baxmalıdı. Bunlardan biri Rusiyanın “Volqa” klubunun hücumçusu Vaqif Cavadovun Azərbaycan yığmasında iştirak etməkdən itminasıdı. Hansı ki, ötən iclasda onunla bağlı qərarın məhz növbəti toplantıya saxlanılmasına qərar verilmişdi.
Digər məsələ isə Tovuzda baş tutan Premyer Liqanın 9-cu turunun “Turan” – AZAL matçındakı qalmaqaldı. Qeyd edək ki, meydan sahiblərinin hücumçusu Georgi Beriaşvilinin ilk yarının son saniyələrində meydandan qovulmasına etiraz edən klub rəsmilərinin hakimlərə təzyiq etdiyi bildirilir. Məhz bu üzdən görüşün ikinci hissəsi ən azı 8 dəqiqə gec başlamışdı.
Lakin maraqlıdı ki, klub rəsmiləri saytımıza açıqlamasında hakimlərə qarşı heç bir təzyiq göstərmədiklərini bildirirlər: "Burda hakimlərə təzyiqdən söhbət gedə bilməz. Biz, sadəcə onların qərarlarına etirazımızı bildirirdik. Klub prezidenti Musa Süleymanov bu barədə AFFA nümayəndəsi ilə də danışdı".
Hakimlər hətta oyundan sonra onlara təklif olunan şam yeməyindən də imtina ediblər: "Biz adətən, hər oyundan sonra hakimlər üçün şam yeməyi təşkil edirik. Bu, normal təcrübədi. Çünki həmişə oyunlarımızı idarə edən hakimlər üçün bunu etmişik. Amma AZAL-la oyunun hakimləri bundan imtina etdilər".
Xatırladaq ki, sözügedən qarşılaşma 0:0 hesabıyla başa çatmışdı.
