17 oktyabr 2011 12:33
Rəvanın futbolçusu Qarabağı təhqir edib
"Qarabağ" bəyanat yayıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu dünən "Rəvan"la keçirilən oyunda meydan sahiblərinin futbolçusunun nalayiq hərəkət etdiyini bəyan edib:
"Azərbaycan Premyer Liqasının 9-cu turunda baş tutan "Rəvan" - "Qarabağ" oyununda xoşagəlməz hal yaşandı. Oyunun son dəqiqələrində ev sahiblərinin futbolçusu azarkeşlərimizə qarşı nalayiq hərəkət edərək təəssüfümüzə səbəb oldu. Tərəfimizdən dərhal "Rəvan" klubunun rəhbərliyinə edilmiş müraciətdən sonra qarşı tərəf məsələyə həssaslıqla yanaşaraq, baş verənlərlə bağlı təəssüflərini ifadə edərək, ən qısa zamanda ölçü götürəcəklərini ifadə etdilər. "Qarabağ" "Rəvan" rəhbərliyinə məsələyə göstərdiyi həssas münasibətə görə təşəkkürünü bildirir".
Qeyd edək ki, "Rəvan"ın bərabərlik qolunu vurmasından sonra komandanın yarımmüdafiəçisi Reys Klaudiney Ağdam klubunun azarkeşlərinin əyləşdiyi sektorun qarşısına gələrək, onları təhqir edib. Braziliyalı futbolçunun üzünü azarkeşlərə tutaraq "Fuck Qarabağ" dediyi bildirilir.
