18 oktyabr 2011 13:26
İnterlə Neftçiyə sərt cəza, Turana xəbərdarlıq
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Tovuz” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 45+1-ci dəqiqəsində “Turan”ın futbolçusu Georgi Beriaşvili kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. “Turan” klubu matçın ikinci hissəsində meydançaya 12 dəqiqə gec çıxdığı üçün kluba xəbərdarlıq edilib. Analoji hadisənin baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sansiyalar tətbiq olunacaq.
“Sumqayıt Şəhər” – “Bakı” matçının 18-ci dəqiqəsində “Sumqayıt Şəhər”in futbolçusu Andrey Popoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
“Qəbələ” – “Kəpəz” matçının 44-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Bruno Da Silva kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 80-ci dəqiqəsində “İnter”in futbolçusu Samir Zərgərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub. Oyunun 82-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Ruslan Abışov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
