21 oktyabr 2011 13:54
“Neftçi bu dəfə bizi darmadağın edə bilməyəcək”
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 10-cu turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Sizi “Neftçi” ilə qarşılaşma gözləyir. Son çempionun hazırkı durumunu necə qiymətləndirərdiz?
- Güclü rəqibdi, son ölkə çempionudu. “Neftçi”nin əla heyəti var. Bu il də çempionluq uğrunda mübarizə aparır. Bilirəm ki, bizim üçün də çətin olacaq. Amma meydana müsbət nəticəyə nail olmaq üçün çıxacağıq. Çünki komandam ilk altılığa düşməyə çalışır. Üstəlik, “Qəbələ”yə məğlubiyyətdən sonra özünə inamı qaytarmaq üçün bu, əla şansdı.
- Yəqin ki, bu oyunun prinsipiallığından danışmaq artıq olardı. Amma ötən mövsüm paytaxt klubu hər iki oyunda komandanızı darmadağın etmişdi.
- Şübhəsiz ki, bu komandaların oyunları həmişə prinsipial xarakter daşıyır. Təəssüf ki, ötən mövsüm bu rəqibimizə darmadağınla uduzmuşduq. Amma mən əminəm ki, bu dəfə elə şey təkrarlanmayacaq.
- Demək olar ki, bu oyunda heç-heçə də sizi qane edəcək?
- Heç-heçə etdiyimiz qarşılaşmaların yalnız birindən narazı qalmışam – “Sumqayıt Şəhər”lə oyundan. Amma “Neftçi” ilə heyətimizi müqayisə etsək, təbii ki, heç-heçəni normal saymaq olar. Amma qarşıdakı oyunda əsas məqsədimiz qələbə qazanmaqdı. Biz xal qazanmaq istəyirik.
- 14 qolla “Kəpəz” ən çox top vuran komandalardandı. Amma həm də öz qapınızdan 15 qol buraxmısız...
- Düzdü, 9 tura 14 qol vurmuşuq. Elə lider “Xəzər Lənkəran” kimi. Amma həm də hamıdan çox qol buraxmışıq. Bu, müdafiəmizdə çatışmazlıqların olduğunu göstərir. Hər halda çalışırıq, problemlərimizi yoluna qoyaq.
- Heyətə cəlb etdiyiniz yeni futbolçular ümidlərinizi doğruldur?
- Bilirsiz, hələ komandamızda çatışmazlıqlar çoxdu. Çünki mövsümün əvvəlində təlim-məşq toplanışı keçirə bilmədik. Bəzi futbolçular çempionatın startına 2 gün qalmış alındılar. Bütün bunlar da istər-istəməz oyunumuza təsir göstərir. Əminəm ki, zaman keçdikcə oyunumuz daha da yaxşılaşacaq.
- Qışda da güclənməyi hədəfləyirsiz?
- Bəli, bu, planlarımızda var.
- “Qəbələ”yə məğlubiyyət sizin üçün gözlənilməz olmadı?
- Etiraf etmək lazımdı ki, qəbələlilərin həm heyəti bizimkindən güclüdü, həm maliyyə imkanları yaxşıdı. İlk qola kimi biz yaxşı oynadıq. Amma ondan sonra hər şey əksinə davam etdi. Onlar hətta azlıqda qalanda da qol vurdular.
- Etiraf etmək lazımdı ki, qəbələlilərin həm heyəti bizimkindən güclüdü, həm maliyyə imkanları yaxşıdı. İlk qola kimi biz yaxşı oynadıq. Amma ondan sonra hər şey əksinə davam etdi. Onlar hətta azlıqda qalanda da qol vurdular.
