21 oktyabr 2011 13:28
DÇ-2014-ün təqvimi açıqlandı
Futbol üzrə 2014-cü il dünya çempionatının final mərhələsinin təqvimi açıqlanıb. Azerisport.az xəbər verir ki, Braziliyada təşkil olunacaq bu möhtəşəm çempionatın rəsmi təqvimi oktyabrın 20-də FİFA tərəfindən açıqlanıb.
Mundial iyunun 12-də start götürəcək və iyulun 13-də yekunlaşacaq. Açılış matçı San-Pauludakı “Arena de San-Paulu”ya salınıb. Bu stadion çempionatın yarımfinal görüşlərindən birini də qəbul edəcək. Digər yarımfinal görüşü Belu-Orizontedə olacaq. Paytaxt Braziliada 3-cü yer uğrunda görüş nəzərdə tutulub.
Sayca 20-ci olacaq dünya çempionatının bütün oyunları 12 şəhərdə - Portu-Aleqre, Kuritiba, Rio-de-Janeyro, San-Paulu, Belu-Orizonte, Brazilia, Kuyyaba, Salvador, Resife, Natal, Fortaleza və Manausda baş tutacaq. Turnirə 32 ölkə yığması qatılacaq.
Sözügedən mundialın finalı isə Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda olacaq. Braziliyada isə dünya çempionatı ikinci dəfə təşkil olunacaq. İlk dəfə bu, 1950-ci ildə baş verib. Həmin vaxt Uruqvay yığması qalib adını qazanıb.
