21 oktyabr 2011 16:58
Dodo: İnterə qarşı necə oynamaq lazım olduğunu bilirik
“Qəbələ”nin yarımmüdafiəçisi Dodo Premyer Liqanın 10-cu turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Kəpəz” üzərindəki qələbə komandadakı əhval-ruhiyyəni yaxşılaşdırıb?
- Əlbəttə, düşərgədəki atmosfer yaxşılığa doğru dəyişib. Qələbə həmişə komandadakı vəziyyəti yaxşılaşdırır. Özünə inam da geri qayıtmış oldu.
- O oyundan öncəki üç ardıcıl yenilginin səbəbini müəyyənləşdirə bildiniz?
- “Neftçi”nin yaxşı futbolçuları var. Həm də biz onlarla oyuna yaxşı hazır deyildik. “Xəzər Lənkəran”la oyunda meydan sahiblərinin azarkeşləri qələbədə vacib rol oynadılar. Rəqibimiz güclü motivasiya alırdı. “Rəvan”la oyuna gəlincə, biz rəqibi lazımınca qiymətləndirmədik. Hər halda məhz o oyundan sonra əmin olduq ki, Premyer Liqada zəif rəqib yoxdu.
- Qarşıda “İnter”lə oyun var. Bu oyuna necə hazırlaşırsız?
- Çətin oyun olacaq. Ancaq qələbə qazanmaq istəyirik. “Kəpəz” üzərində qələbə sayəsində turnir cədvəlində irəlilədik. Aşağı düşməyə hazırlaşmırıq.
- Bu rəqibiniz son iki turda “Xəzər Lənkəran” və “Neftçi” üzərində qələbə qazanıb. Hansı ki, siz o klublara məğlub olmuşdunuz...
- Bu barədə dəqiq heç nə demək olmaz. Bizə sadəcə diqqətli olmaq və qələbəyə oynamaq lazımdı.
- Son oyunlarında “İnter” bir qayda olaraq müdafiəyə və əks-hücumlara bel bağlayır...
- Bütövlükdə, hər iki komandanın oyun üslubunun oxşar olduğunu demək olar. Biz bu rəqibimizə qaşrı necə oynamaq lazım olduğunu bilirik. Bu, bizim üstünlüyümüzdü.
- Hesabınızda artıq 4 qol var...
- Başa düşdüm nə soruşmaq istəyirsiz. Bombardir olmaq çox çətindi. Amma ən yaxşı qolçu olmağı da istəyirəm. Bunun üçün məşqlərdə maksimum çalışmaq lazımdı. Ən əsası isə komandaya fayda verməkdi.
- Mövsümün əvvəlində Toni Adams bildirmişdi ki, Mendi ən yaxşı bombardir olacaq. Amma o, bu statusu hələ ki, doğrultmur. Sizcə, niyə?
- O, bizə çox gec qoşuldu. Sonra da zədə aldı. Bu, onu çox geri atdı. Buna baxmayaraq, o, bizə çox fayda gətirir. Onun “Qarabağ” üzərində qələbə qazandıran qolu nəyə desəz dəyər. Fikrimcə, o, hələ öz sözünü deyəcək.
