21 oktyabr 2011 17:14
Qəbələ üçün arzuolunmaz rəqib – İnter
Premyer Liqanın 10-cu turunda "İnter" və "Qəbələ" komandaları üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, bu komandalar indiyə kimi 14 dəfə qarşılaşıblar.
12 dəfə çempionat, 2 dəfə kubok oyunları çərçivəsində qarşılaşan komandaların görüşündə “İnter” böyük üstünlüyə malikdi - 8 qələbə. Bu görüşlərdən cəmi ikisində isə “Qəbələ” qalib gəlib.
Qalan 2 oyun heç-heçə başa çatıb. Vurulmuş qollar arasında fərq də 24-9 "bankirlər"in xeyrinədi. “İnter” və “Qəbələ” ( o zaman komanda “Gilan” adlanırdı) komandaları ilk dəfə 2006-cı ildə üz-üzə gəliblər.
Komandaların ilk qarşılaşması 0:0 hesabı ilə başa çatıb, lakin mövsümün ikinci oyununda “İnter” qəbələliləri 2:0 hesabıyla məğlub edib. Bu duellərdə ilk qolun müəllifi isə matçda dubl etməyi bacarmış Daniel Axtyamov olub.
Ev oyunlarında da “İnter”in aşkar üstünlüyü var. Doğma divarlar arasında keçirdiyi 7 oyundan 5-də “İnter” qələbə qazandığı halda, yalnız 2 qarşılaşmada qalib müəyyənləşməyib. Bu görüşlərdə "İnter" rəqibin qapısından 19 top keçirib, öz qapısındansa cəmi 4 top buraxıb. Qeyd edək ki, Azərbaycan çempionatı çərçivəsində “İnter” qəbələlilərə 2007-ci ildən bəri məğlub olmur.
“İnter” - “Qəbələ” qarşılaşmasında ən populyar hesab 1:0-dı. Bu nəticə 14 qarşılaşmanın 4-də qeydə alınıb. Xatırladaq ki, “İnter” rəqibinə 3 və daha çox top fərqilə qalib gəlib. 2007-2008-ci il mövsümündə paytaxt klubu “Qəbələ”ni 4:0, növbəti mövsümdə 5:0, 2009-2010-cu ildəsə 4:1 hesabıyla üstələyib.
“İnter” - “Qəbələ” duelinin daha bir maraqlı xüsusiyyəti var. 2007-2008 və 2009-2010-cu il "İnter" üçün çempion mövsümlərində “İnter” məhz “Qəbələ” ilə qarşılaşıb və qalib gəlib (4:0 və 4:1). (“İnter”in rəsmi saytı)
