21 oktyabr 2011 13:01
AFFA-dan Raula mükafat (FOTO)
Ötən mövsüm 23 qolla U-17 Liqanın bombardiri olmuş “Bakı”nın futbolçusu Raul Yaqubzadə bu gün AFFA tərəfindən mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, futbolçunun ötən il məzun olduğu 313 saylı orta məktəbdə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun iştirakı ilə keçirilən tədbirdə əvvəlcə məktəbin direktoru Zakir Bayramov çıxış edib.
O, bildirib ki, orta təhsilini ötən il başa vurmuş Raul Yaqubzadənin U-17 Liqada qazandığı uğur 313 saylı məktəbin müəllim kollektivinin və bütün şagirdlərinin böyük sevincinə səbəb olub. Tədbirin məktəbdə təşkil olunmasına görə Zakir Bayramov AFFA-ya minnətdarlığını bildirib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu çıxış edərək Raul Yaqubzadəni təbrik edib, ona gələcəkdə də böyük uğurlar qazanmasını, ölkədaxili və beynəlxalq yarışlarda vurduğu qollarla azarkeşləri sevindirməyə nail olmasını arzulayıb.
Çıxışlar başa çatdıqdan sonra Raul Yaqubzadəyə AFFA-nın hədiyyələri təqdim olunub.
