25 oktyabr 2011 13:25
Turanın futbolçusu 5 oyunluq cəzalandırıldı
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 10-cu turunun, eləcə də birinci divizionun 7-cı turunda baş verən olaylara da hüquqi qiymət verilib.
Əvəzedicilərin çempionatında “Bakı” – “Xəzər Lənkəran” matçında “Bakı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Turan” – “Sumqayıt Şəhər” oyununun 90+3-cü dəqiqəsində “Turan”ın futbolçusu Rəşad Orucov qırmızı vərəqə alaraq meydandan çıxarıldıqdan sonra rəqibinə qarşı fiziki təzyiq göstərdiyi üçün futbolçu 5 oyun cəzalanıb, klubu 1500 manat cərimə olunub.
Azərbaycan birinci divizionunun 7-ci turunun “Energetik” – “Tərəqqi” matçının 74-cü dəqiqəsində “Tərəqqi”nin futbolçusu Ceyhun Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“MKT-Araz” – “Şahdağ” matçında “Şahdağ”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Neftçala” – “Lokomotiv” matçında “Neftçala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində “Neftçala”nın futbolçusu Musa Rəhimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Matçın 90+2-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Elnur Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
