25 oktyabr 2011 14:01
Dörd federasiyanın baş katibi Bakıda səfərdədi (FOTO)
AFFA-nın dəvəti ilə Türkmənistan Futbol Federasiyasının baş katibi Meret Satılov, Qırğızıstan Futbol Federasiyasının baş katibi Nurtazin Cetibayev, Tacikistan Futbol Federasiyasının baş katibi Şirali Davlatov və Özbəkistan Futbol Federasiyasının baş katibi Sərdor Raxmatullayev Bakıya gəlib. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və adları qeyd olunan federasiyalarda müvafiq vəzifədə çalışan qonaqlar arasında görüş keçirilib.
Görüşdə futbolun inkişafı ilə bağlı qarşılıqlı əməkdaşlıq barədə ətraflı müzakirələr aparılıb. Bu il iyunun 9-dan 16-dək olan müddətdə Bakıda AFFA tərəfindən keçirilmiş Caspian Cup turnirinin yüksək səviyyədə təşkil olunduğu xüsusi vurğulanıb, turnirin növbəti mövsüm üçün planı müzakirə olunub. Qeyd edək ki, müzkirələrdə UEFA nümayəndəsi də iştirak edib.
Səfər proqramı çərçivəsində qonaqlar AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”ya gedərək kütləvi futbola həsr olunmuş tədbirlərlə tanış olacaq, həmçinin bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək Premyer Liqanın 1-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyununu izləyəcəklər.
