25 oktyabr 2011 12:03
Daha iki futbolçu Xəzər Lənkəranın tarixinə düşdü
Premyer Liqanın 10-cu turunun “Bakı” ilə oyunu daha 2 futbolçunun ilk dəfə “Xəzər Lənkəran”da qol vurması ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, hesabı açan Eder Bonfim yeni klubundakı qol hesabını açan 70-ci oldu.
Bu sayı yubiley həddinə çatdıran braziliyalı ölkəsinin XL üçün qol vuran 8-ci təmsilçisi oldu. Belə ki, bu matçadək “Xəzər Lənkəran”ın qollarına imza atan 69 futbolçudan 7-si də braziliyalı idi. Lakin bu göstəricidə rekord başqa ölkəyə məxsusdu. İndiyədək 12 rumıniyalı bu klubun formasında qol sevinci yaşayıb.
Matçda bərabərlik qolunu vuran Dejan Rusiç isə “Xəzər Lənkəran” tarixinin yeganə sloveniyalısı olduğundan ölkəsinin ilk qolunu vurdu. Bununla da XL-da qol vuran oyunçuların ümumi sayı 71-ə çatdı. Bunların da 45-i legionerdi.
