26 oktyabr 2011 15:36
Kamran Ağayevi XL-da kim əvəzləyəcək?
Kamran Ağayevin əvəzedici komandaya göndərilməsindən sonra "Xəzər Lənkəran"ın qapısını kimin qoruyacağı məlumdu. Azerisport.az xəbər verir ki, Mirça Rednik bundan sonra indiyədək ikinci qapıçı statusu daşıyan Kamal Bayramova güvənməli olacaq.
Hazırda "Xəzər Lənkəran"ın heyətində Kamran və Kamaldan başqa daha bir qapıçı var. Bu, 18 yaşlı Orxan Sadıqlıdı. Lakin Rednik əsas heyətdə daha təcrübəli qolkiperə - Kamala etimad göstərəcək.
Qeyd edək ki, Bayramov "Xəzər Lənkəran"a yayda "Turan"dan transfer olunub. Ötən mövsüm Tovuz klubunun əsas qapıçısı olan qolkiper "Xəzər Lənkəran"ın heyətində ilk rəsmi oyunun sentyabrın 30-da keçirib. Kamran zədəli olduğundan "İnter"lə "Şəfa"dakı oyunda start heyətində meydana çıxan Kamal komandanı məğlubiyyətdən xilas edə bilməyib - 0:1. Bu "Xəzər Lənkəran"ın 16 oyundan sonra ilk məğlubiyyəti olub.
