27 oktyabr 2011 11:26
Deon Barton: İnterin bəxti gətirdi
“Qəbələ”nin forvardı Deon Barton azerisport.az saytına müsahibəsində komandasının “İnter”ə qarşı son oyunundan (1:1), eləcə də turnir cədvəlindəki mövqelərindən danışıb.
- Son beş turda “Qəbələ” 11 xal itirib. Bərbad nəticə deyilmi?
- Düşünmürəm ki, “İnter”lə səfərdə heç7-heçə etmək utandırıcıdı. Komanda yaxşı oyun sərgilədi. Bütövlükdə, bu nəticəni normal hesab edirəm. Nəzərə alsaq ki, ondan öncə də “Kəpəz”i məğlub etmişdik, heç də hər şey pis deyil.
- Qələbə məhz komandanıza lazım olsa da, son dəqiqələrdə “İnter” daha çox fəallıq nümayiş etdirirdi...
- Turnir cədvəlindəki durumumuz bizi ancaq qələbə qazanmağa məcbur edirdi. Çünki belə olan halda ikinci pilləyə yüksələ bilərdik. Digər tərəfdən rəqib öz meydanında oynayırdı. Bəs siz düşünürdüz ki, onlar müdafiə olunacaqlar?
- Bakılıları məğlub etməyinizə nə mane oldu?
- Çətin oyun alındı. Yəqin ki, rəqibin uduzmamaq arzusu öz sözünü dedi.
- Hesab 1:1 olarkən zərbəniz qapı çatından döndü...
- Yaxşı zərbə alınmışdı. Qapıçı heç həmin anda reaksiya da verə bilmirdi. Amma “İnter”in bəxti gətirdi. Fortuna həmin anda mənim tərəfimdə deyildi. Əks halda indi qələbəni bayram edirdik.
- Komandanız hələ ilk altılıqda öz yerini möhkəmləndirə bilmir...
- Bizim ilkin hədəfimiz məhz ilk altılığa düşməkdi. Daha sonra isə yüksək yerlər uğrunda mübarizə aparacağıq. Biz indikindən daha yaxşı nəticə göstərməli, üst pillələrdə yer almalıydıq.
- Növbəti oyununuz “Simurq”ladı...
- Qələbə qazanmalıyıq. Turnir cədvəlində irəliləmək üçün yalnız 3 xala ehtiyac var.
