28 oktyabr 2011 11:26
11-ci tur. Ağasəlim Mircavadovun proqnozu
Azərbaycan futbolunun veteranlarından olan Ağasəlim Mircavadov azerisport.az saytı üçün Premyer Liqanın 11-ci turunun oyunlarına proqnozlarını açıqlayıb. Həmin proqnozlarla sizi də tanış edirik.
Qarabağ – Bakı
Çox maraqlı oyun olacaq. Heç vaxt görməmişəm ki, “Qarabağ” iki ardıcıl prinsipial oyunda məğlub olsun. Ona görə də inanıram ki, Qurban Qurbanov öz yetirmələrini hazır vəziyyətə gətirəcək. Baxmayaraq ki, “Bakı” da qələbə qazanmağı çox istəyir. Hesab edirəm ki, doğma meydan amili “Qarabağ”a kömək edəcək. Onlar qələbə qazanmalıdılar.
Xəzər Lənkəran - Kəpəz
Son oyunları da göstərir ki, “Kəpəz” səfərdə oynaya bilir. Odu ki, meydan sahibləri üçün müəyyən problemlər olacaq. Digər tərəfdən “Xəzər Lənkəran” ev oyunlarında hələ xal itirməyib. Ən yaxşı halda gəncəlilər 1 xal qazana bilərlər. Amma mən “Xəzər Lənkəran”ın qələbə qazanacağını düşünürəm.
Qəbələ - Simurq
Hər iki komanda hardasa oxşar futbol nümayiş etdirir. Bu komandaları birləşdirən daha bir amil odu ki, həm “Qəbələ”, həm də “Simurq” hazırda layiq olduğu yerdə deyil. Hər iki komanda bəxtsizlik yaşayır. Mənim favoritim “Qəbələ”di. Amma asan qələbə olmayacaq.
Neftçi – Turan
Əsgər Abdullayev ola bilsin ki, “Neftçi” üçün nəsə düşünsün. “Qarabağ” üzərindəki qələbədən sonra “ağ-qaralar”da əhval-ruhiyyə də yaxşıdı. Bu heyətlə “Neftçi”yə heç bir problem olmamalıdı. Meydan sahibləri qələbə qazanacaq.
Sumqayıt Şəhər – AZAL
“Sumqayıt Şəhər” hələ öz oyununu tapmayıb. Ola bilər ki, ölkə kubokundakı qələbə Bernard Raabın komandasına kömək etsin. AZAL da son dövrlər mənim xoşuma gəlmir. Əgər onlar bu oyunu da qazanmasalar, ilk altılığa düşmək şanslarını itirəcəklər. AZAL-ın qələbə qazanacağını düşünürəm.
Rəvan – İnter
“İnter”in hücum xəttində problem var. Mən bu klubun bəzi matçlarına baxmışam. Əgər “Rəvan” ilk altılığa düşmək istəyirsə, “İnter”i məğlub etməlidi. Mənə elə gəlir ki, bu oyun heç-heçə bitəcək.
