30 oktyabr 2011 12:33
Quzanlıda məğlubiyyət tanımayan tək komanda qaldı
“Qarabağ” Premyer Liqanın ilk dövrəsinin son turunda “Bakı”yla üz-üzə gəldi. Azerisport.az xəbər verir ki, tarixdə 39-cu dəfə baş tutan mücadilədə “Qarabağ” “Bakı”nı 2:1 hesabıyla məğlub etdi.
Bununla “Qarabağ” çempionatdakı əsas rəqiblərindən biriylə xal fərqini 4-ə yüksəltdi, eyni zamanda 1 günlük də olsa 2-ci pilləyə yüksəldi. Komandanın qələbə qazanması bir sıra məqamlarla yadda qaldı. Belə ki, 14-cü qələbəsini qazanan komanda “zolaqlarlılar”la oyunlarda balansı öz xeyrinə çevirdi. Qolların nisbətində də 1 pillə yüksəldi – 45:43.
“Qarabağ”ın qələbəsini əlamətdar edən digər amil isə ondan ibarətdi ki, bu komanda ilk dəfə paytaxtın eyni adlı təmsilçisini Quzanlıda məğlub etdi. Düzdü, tərəflərin Ağdamda, 2008-2009-cu ilin kubokun yarımfinal mücadiləsində baş tutan cavab görüşündə, “Qarabağ” 2:1 hesablı qələbəylə yadda qalmışdı. Lakin, çempionat çərçivəsində baş tutan oyunlarda “Bakı” məğlub edilməmişdi. Üstəlik, Quzanlıdan alınan iki yenilgidən ilkini 2009-2010 mövsümündə məhz “Bakı” reallaşdırmışdı. “Bakı”nın məğlub edilməsiylə Quzanlıda məğlub olmayan sadəcə “Simurq” qaldı. Elə həmin mövsüm təsnifat mərhələsində baş tutan oyunda “Bakı”yla olduğu kimi zaqatalılarla oyunda da hesab açılmayıb.
“Bakı”yla oyunda fərqlənən Admir Teli ilə Rəşad Sadiqov da Premyer Liqada qol hesablarını açdılar. Maraqlıdı ki, hər 2 futbolçu cari mövsüm Avroliqada “Banga”yla Bakıdakı oyunda da müvafiq olaraq ilk 2 qolu vurmuşdular.
“Qarabağ”ın mətbuat xidməti
